İşdən çıxan qadın döyüldü

KRİMİNAL 20 fevral 2025, 19:12
Masallı rayonunda 1962-ci il təvəllüdlü Müslüm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızı Günelə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 22 noyabr 2024-cü ildə Masallı rayonunun kəndlərindən birində baş verib. 

Müslüm həmin gün saat 18 radələrində kəndi ərazisində istifadəsində olan “Vaz 2107” markalı avtomobilin salonunda qızı Günelin mobil telefonla çox məşğul olması və nəsihətlərinə əhəmiyyət verməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu əvvəlcə avtomobilin içərisində yumruq ilə vurub. 

Daha sonra avtomobildən yerə düşürüb və yerdə qəsdən bədəninin müxtəlif nahiyələrinə dəfələrlə yumruq, təpiklə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Günel onun doğma qızıdır: “Hadəsəyə qədər hər gün Güneli işdən götürərək evə aparmışam. Aramızda olan münasibət yaxşı olmayıb. Həmişə qızıma ağıllı olmasını və etdiyi hərəkətlərə fikir verməsini bildirmişəm. Qızım isə mənim  sözlərimi normal qəbul etmədi və hər dəfəsində məni söyüb təhqir edib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə noyabrın 22-də qızı Güneli işdən götürüb və idarə etdiyi “Vaz 2107” markalı avtomobillə keçmiş qayınatası Abbasın yaşadığı kəndə aparıb: “Hər həftənin beşinci günü Günel Abbasdan iki övladını götürərək həftə sonunadək özü ilə saxlayır. Yolda qızım heç bir səbəb olmadan məni təhqir etməyə başladı. Abbasın evinin qarşısında artıq əsəblərimə hakim ola bilmədim. Avtomobili saxlayaraq avtomobilin içərisində Günelin bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Günel avtomobildən düşəndən sonra onun əlindən telefonu almaq istədim ki, telefon ilə az oynasın. Həmin zaman yerdə də Güneli yumruq və təpiklə vurdum. Təxminən 5-10 dəqiqə mübahisə etdikdən sonra Günel qaçaraq oradan uzaqlaşdı. Hadisə Abbasın evinin qarşısında olub. Qızımı döyən zaman heç kimin narahatçılığına səbəb olmamışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Günelin sözlərinə görə, təqsirləndirilən Müslüm onun doğma atasıdır: “Hər həftənin beşinci günü uşaqlarını qayınatamın evindən götürərək həftə sonunadək yanında saxlayıram. Noyabrın 22-də, saat 18 radələrində atam Müslüm məni işdən götürərək keçmiş qayınatam Abbasın yaşadığı kəndə apardı. Atamın mənim şəxsi həyatıma qarışması səbəbindən daima mübahisələrimiz olub. Keçmiş qayınatam Abbasın evinin qarşısına çatdıqda heç bir səbəb olmadan atam avtomobilin içərisində yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə  xəsarət yetirdi. Atamın əlindən çıxıb avtomobildən düşdüm. Düşdükdən sonra atam saçımdan tutdu və yerə yıxaraq yenə vurmağa başladı. Oradan qaçaraq bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdim. Aramızda olan mübahisə təxminən 10 dəqiqə davam etdi”. 

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Müslüm 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Təqsirləndirilən şəxsin cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 20:46
Top