Bakıda 37 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 13 fevral 2025, 19:12
Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü Taleh şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Gülnarəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 22 avqust 2024-cü ildə baş verib. Taleh həmin gün saat 18:30-da yaşadıqları evin qonaq otağında arvadı Gülnarə ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əl və təpik zərbələri ilə başına, bədəninə bir neçə dəfə qəsdən vurub. Sonra bədəninin müxtəlif yerlərini dişləyib, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 22-də, saat 18:30-da yaşadıqları evin qonaq otağında arvadı Gülnarə ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarənin sözlərinə görə, avqustun 22-də, təxminən saat 18:30-da yaşadıqları evdə olan zaman Talehin mobil telefonunda başqa qadınla yazışmasını görüb: “Mən də Talehə ayrılmalarını bildirdim. Bu zaman Taleh məni söyüb təhqir etdi, üstümə hücum çəkərək məni əl və təpiklə döydü, bədənimin müxtəlif yerlərinə xəsarət yetirdi”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Talehin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top