Yaxın Şərqdə savaş yenidən canlana bilərmi? — AÇIQLAMA

DÜNYA 13 fevral 2025, 17:28
İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verərkən bildirib ki, HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək.

"Bu qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərardır. Əgər Həmas şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu Həmas nəhayət məğlub olana qədər intensiv hərbi əməliyyatlara davam edəcək", - o bildirib. Maraqlıdır, savaş yenidən canlana və böyüyə bilərmi ?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əldə olunan saziş kifayət qədər kövrək və pozulmağa müsait bir sazişdir:

“Həm də atəşkəs sazişidir. Aydın məsələdir  ki, tərəflərdən birinin razılaşmaya riayət etməməsi və yaxud da razılaşdırılmış məqamları gecikdirməsi fonunda pozula bilər. Əsrlərin buraxılması bir neçə mərhələlikdir. Yəni buna görə də birinci mərhələdə, ikinci mərhələdə olmasa üçüncü mərhələdə bənzər bir situasiyanın olacağı gözlənilirdi. Nəticə etibarilə indi belə bir vəziyyət yaranıb. Əlbəttə ki, bu İsrailin maraqlarına uyğundur. Yəni İsrail əməliyyatları keçirib HƏMAS-ı tam məğlub etmək istəyə bilər. Bu normaldır. Digər bir məsələ Trampın  o zamanlar irəli sürdüyü layihəylə paralel bu hadisə baş verir. Yəni bu, kifayət qədər diqqətə alınması lazım bir məsələdir. Belə ki, Tramp Qəzzadakı fələstinlilərin ətraf ölkələr İordaniya, Misir və, Səudiyyə Ərəbistanında keçirilməsini təklif elədi”.

 T. Rzayev onu da qeyd edib ki, bu, region demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi deməkdir:

“Bu, Qəzzanın İsrail tərəfindən ilhaqı mənasına gəlir. Yəni belə olan təqdirdə hansısa sülhdən danışmaq çətindir. Bunu təbii olaraq da beş ərəb ölkəsi bir araya gələrək rədd etdi. Fələstinlilərin də bu məsələdə mövqeyi mənfi idi. Görünür, bu hal-hadisə fonunda həm də bunlar baş verir. Yəni, mümkündür ki, İsrail burada süni maneələr yaradır və məqsədyönlü şəkildə ateşkəsin pozulmasını istəyir. Bu, bizə onu deməyə əsas verir ki, Trampın layihəsinin icrası hərbi yolla da baş verə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top