Salyanda toyda qonaqlar arasında dava düşdü — TƏFƏRRÜAT

KRİMİNAL 12 fevral 2025, 16:40
Salyan rayonunda 1976-cı il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Eldara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Əli 10 dekabr 2023-cü ildə,  saat 19 radələrində qohumunun Salyan rayonunun kəndində yerləşən şadlıq sarayında qohumu Valehin oğlu üçün təşkil etdiyi toy şənliyinə gəlib.

Əli həmin şənlikdə iştirak etdikdən sonra saat 22 radələrində şadlıq sarayının foyesinə çıxan zaman orada dayanaraq öz mobil telefonuna gələn zənglərə baxaraq sonra evinə getmək istəyən, əvvəldən tanımadığı Eldarı görüb. Ona yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan söz ataraq sataşmaqla ictimai qaydanı kobud surətdə pozub. 

Daha sonra Eldarın sifət nahiyyəsinə şillə və yumruqla qəsdən zərbələr endirib, onun başını şadlıq sarayının foyesindəki şirniyyat və müxtəlif içkilərin satıldığı köşkün açıq hissəsindən içəri salaraq yumruqla ona çoxsaylı zərbələr vurub. 

Əli hərəkətlərini davam etdirməklə, həmin vaxt onun bu hərəkətlərini görüb və şadlıq sarayının zal hissəsindən foyeyə çıxan şəxslərin köməkliyi ilə əlindən alınaraq çölə çıxarılan Eldarı şadlıq sarayının həyətində yenidən tutaraq yerə yıxıb, dizini üzərinə qoyduqdan sonra onun sifət nahiyyəsinə yumruqla qəsdən zərbələr endirib. Elçin hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Salyan rayonu, Xalac kəndində yaşayır və özü də 20 ildən çoxdur ki, Bakı şəhərində daş ustası kimi işləyərək gündəlik çörək pulunu qazanmaqla ailəsini dolandırır: 

“Salyan rayon sakini olan Eldarı əvvəldən tanımamışam. Onunla hər hansı bir qohumluğum, ədavətim də olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 10 dekabr 2023-cü ildə qardaşının qayınatası olan Valeh öz oğluna şadlıq sarayında toy edib və o da bir qohum kimi həmin toya dəvət olunduğundan Bakı şəhərindən toyun keçirildiyi  şadlıq sarayına gəlib: 

“Toy saat 18 radələrində başladı və mən toyda nahar edərkən təxminən 200-300 qram araq içdim. Saat 22 radələrində evimə getmək üçün taksi sifariş vermək məqsədi ilə şadlıq sarayının foyesinə çıxaraq foyedə dayanan zaman məndən bir qədər aralıda tanımadığım 2-3 adam da dayanmışdı ki, onlardan da yalnız meyvə satışı ilə məşğul olan İslam adlı şəxsi tanımışam. Eldarı yumruqla vurmam təxminən 3-4 dəqiqə kimi davam etdi. Eldarı döyməyimi görən ətrafdakı adlarını bilmədiyim şəxslər dərhal araya girdi, bizi araladılar. Eldarı nəyə görə vurmağım yadımda qalmayıb. İçkili olduğumdan bu hərəkəti törətdiyimi bilməmişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Eldarın sözlərinə görə, Salyan rayonunun kəndində yaşayıb, digər kənd sakini Əlini əvvəldən tanımayıb, onunla qohumluğu, ədavəti,  hər hansı bir münasibəti də olmayıb: 

“Dekabrın 10-da həmkəndlim Valeh yaşadıqları kənddə yerləşən  şadlıq sarayında oğlu Müslümə toy şənliyi keçidi. Mən də həmin toya dəvət olunduğumdan saat 19 radələrində toyun keçirildiyi şadlıq sarayına gəldim. Toy şənliyində saat 22 radələrinə kimi iştirak etdikdən sonra şadlıq sarayının zal hissəsindən çıxdım, foyedə dayanaraq mobil telefonuma gələn zənglərə bir neçə dəqiqə baxdım. Daha sonra evimə getmək üçün çölə çıxan zaman əvvəldən tanımadığım və heç bir münasibətdə olmadığım, sonradan adını bildiyim Əli adlı şəxs hər hansı bir səbəb olmadan mənə söz atdı, sataşmağa başladı. Həmin şəxsin sərxoş olduğunu gördüm, ona əhəmiyyət verməyərək məndən əl çəkməsini bildirdim. 

Getmək istərkən gözləmədiyim halda Əli adlı şəxs qəflətən sifətimə bir neçə yumruq zərbəsi vurdu və mənim özümü itirməyimdən istifadə edərək boynumdan yapışdı, məni şadlıq sarayının foyesinə salaraq başımı oradakı qarderobun pəncərəsindən aşağıya əydi, sifət nahiyyəmə yumruqla zərbələr endirməyə başladı. Əli adlı həmin şəxs qüvvətli olduğundan və məni qəflətən yumrula vurduğuna görə özümü tamamilə itirdim. 

Demək olar ki, həmin şəxsə heç bir müqavimət göstərə bilmədim. Əli adlı şəxs məni döyərkən ucadan həm də ünvanıma yazılası və deyiləsi mümkün olmayan söyüşlər də söydü. Ətrafda olan uşaqlar və bir neçə şəxs Əlinin bu hərəkətlərini gördü. Əlinin onların da üzərinə hücum edəcəklərindən qorxduqları üçün dərhal qaçaraq oradan getdilər. Əli adlı şəxsin məni döydüyünü görən şadlıq sarayının zalında olan şəxslər gələrək məni güclə onun əlindən aldılar. 

Evinə getmək üçün şadlıq sarayının həyətinə çıxdıqdan sonra da Əli adlı şəxs məndən əl çəkmədi. Yenidən yaxınlaşaraq məni vurub yerə yıxaraq yumruqla sifətimə zərbələr vurmağa başladı. Ətrafda olan şəxslər məni yenidən Əli adlı şəxsin əlindən güclə aldı. Qaranlıq olduğundan və özümdə olmadığımdan həmin şəxslərin kim olmasına fikir vermədiyimdən onları tanıya bilməmişəm. 

Heç bir səbəb olmadan möhkəm döyüldüyümdən çox pis vəziyyətdə, yəni sifətim tamamilə dağılmışdı. Evimə gələrək çağırıldığım toyda heç bir səbəb olmadan nə üçün döyülməmin səbəbini və məni döyən şəxsin kim olmasını aydınlaşdırmaq məqsədi ilə toy sahibi Valehə zəng vurdum, ona döyülməyimi bildirdim. Məni döyən şəxsin kim olmasını soruşdum. Valeh bu barədə məlumatı olmadığını bildirərək telefonu söndürdü. Ona görə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Əli 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs üzərinə Salyan rayonunun kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top