Bərdədə əmioğlular arasında qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 03 fevral 2025, 15:24
Bərdə rayonunda 1983-cü il təvəllüdlü Orxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əmisi oğlu Mahirə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 noyabr 2023-cü ildə Bərdə rayonu, Böyük Göyüşlü kəndində baş verib. 

Kənd sakini Orxan həmin gün saat 20 radələrində yaşadığı yerləşən evlərində olarkən onlara qonaq gəlmiş əmisi oğlu Mahirin ona irad bildirərək kənar yerlərdə özünü apara bilməyib, bütün qohumlarının adına xələl gətirən yersiz hərəkətlərə yol verməsini deyib. 

Onu danlamasına görə əsəbləşərək həyətdən çölə çıxıb, qısa müddət sonra əmisi oğlu Mahirə üzərində saxladığı müəyyən edilməyən deşici-kəsici xassəyə malik alətlə xəsarətlər yetirib. 

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində ailə ilə birlikdə yaşayır, rəsmi olaraq işləmir: “Zərərçəkmiş Mahir əmim oğlumdur. Mahirlə orta məktəbi bir yerdə oxumuşam, uzun müddət mehriban dolansaq da, son dövrdə əmim oğlu Mahir məni tez-tez danlayaraq kənddə insanların arasında boş-boş danışmamağı, məni və digər qohumlarımın adına xələl gətirməməyi demişəm. Bu məsələdən sonra Mahirlə mənim aramda münasibətlər soyuqlaşıb, biz küsülü olmuşuq. Mahirə dəfələrlə məni ailəmin yanında danlamamasını demişəm”.  

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 3 noyabr 2023-cü ildə əmisi oğlu Mahir onların evinə gəlib, onu orda-burda ağzına gələnləri dediyi üçün danlayıb: “Bundan əsəbləşsəm də, ailəmin yanında Mahirə heç nə etmək istəmədim. Çölə çıxaraq heyvanların yanına getdim. Geri qayıdanda Mahirin evdən çıxıb getdiyini gördüm. Həyətdə çardağın altında olan stolun üzərindəki ağ rəngli mətbəx bıçağını götürdüm və əynimdə olan şalvarın sol yan cibinə qoydum. Mahirə yaxınlaşaraq ailəmin yanında məni niyə danladığını soruşdum. Mahir məni təhqir etdikdə, mən də onu təhqir etdim. Bu zaman Mahirlə aramızda mübahisə baş verdi. Şalvarımın sol yan cibində olan bıçağı çıxardım və Mahirin qarın nahiyyəsinə bir dəfə zərbə vurdum. Səs-küyə ailə üzvlərim gəldi. Həmin vaxt bıçağı evimizdən aralıda olan kanala atdım. Evdəki ailə üzvlərim Mahirin ətrafında toplaşdı. Mən qorxaraq hadisə yerindən yola doğru getdim. Dayımgilin evinə getdim. Dayım məni polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirdi”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkir, törətdiyi əməldən peşmandır, əmisi oğlu ilə barışıq əldə edib. Onun ifadəsinə görə, əmisi oğluna dəymiş ziyanı tam ödəyib. O bildirib ki, hadisə zərərçəkmiş şəxsin onu ailə üzvlərinin yanından danlamasına görə əsəbləşməsi və sonradan da bununla bağlı aralarında baş vermiş münaqişə zamanı olub. O, himayəsində 3 azyaşlı olmaqla 4 övladı olduğunu da qeyd edib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mahirin sözlərinə görə, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşayır, fərdi əməklə məşğuldur: “Təqsirləndirilən Orxan əmim oğludur, eyni sinifdə oxumuşam, uzun müddət mehriban şəkildə dolanmışıq. Orxan da qeyri-adilik olub. Son vaxtlar orda-burda ağzına gələni danışdığı üçün ona hər yerdə artıq əskik danışmamağı, ailəmizi və özünü nüfuzunu aşağı salacaq hərəkətləri etməməyi məsləhət görmüşəm. Bu Orxanın xoşuna gəlmədi və məndən küsdü. Bundan sonra aramızda soyuqluq yarandı”. 

Mahir qeyd edib ki, 3 noyabr 2023-cü ildə Orxanın atası,  onun əmisi Nazirin evinə qonaq gedib: “Həmin vaxt Orxan da evdə olub. Biz birlikdə çay süfrəsinə oturduq. Bir müddət söhbət etdikdən sonra əmim oğlu Orxan mənə “səndən zəhləm gedir, bir də bizə gəlmə” desə də, bunu ciddi qəbul etmədim. Bir az sonra Orxan evdən çıxaraq heyvanların arxası ilə getdiyini dedim. Mən isə əmim ilə oturaraq söhbət etdikdən sonra evdən çıxdım. Əmim oğlu Orxan da  çöldə oldu. Bu zaman Orxan yenidən mənə yaxınlaşaraq “səndən zəhləm gedir, bir də bizə gəlmə” dedi. Niyə belə dediyini soruşduqda, Orxan mənə yaxınlaşaraq mübahisə yaratdı. Hava qaranlıq olduğundan dəqiq görməmişəm. Orxan mənə qəfil zərbə vurdu və həmin yerdən uzaqlaşdı. Əvvəlcə Orxanın yumruqla vurduğunu düşündüm. Əlimi qarnıma yaxınlaşdırdıq da, yaş olduğunu gördüm. İşığa tərəf yaxınlaşanda qarnımdan qan axdığını, Orxanın mənə bıçaqla zərbə vurduğunu başa düşdüm. Bu vaxt əmim Nazir çölə çıxdı. Mənim bıçaqlandığımı gördü, məni maşına qoyaraq xəstəxanaya apardı”.

Zərərçəkmiş bildirib ki, əmisi oğlu Orxanla ədavət və düşmənçiliyi olmayıb, bir yerdə böyüyüblər: “Hadisə vaxtı yanımızda kimsə olmayıb. Hadisədən dərhal sonra əmim Nazir yaxınlaşaraq məni xəstəxanaya apardı. Orxanla barışmışam, mənə dəymiş ziyan tam olaraq ödənildi”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top