“Rusiya təhsil modelinin Azərbaycanda da tətbiqi məqsədəuyğun deyil” — AÇIQLAMA

SOSİAL 15 yanvar 2025, 18:55
Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir. Ali təhsilin bakalavr pilləsi ləğv ediləcək. Artıq iki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).

Bəs Azərbaycanda bu model tətbiq oluna bilərmi?

Məsələyə münasibət bildirən təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, təhsil sistemində nailiyyət əldə etmək üçün adətən uzunmüddətli layihələr həyata keçirilməlidir:



“Lakin müasir dövrdə cəmiyyətdə dəyişikliklər o qədər sürətlə baş verir ki, buna uyğun olaraq təhsil sistemində də tez- tez islahatlar keçirmək zərurəti yaranır. Şübhəsiz ki, Rusiyada qəbul edilən qərarın hansısa elmi-pedaqoji əsaslanması var və bu onların milli təhsil sistemidir. 

Düzdür, Azərbaycanın da təhsili  uzun müddət Rusiyanın təhsil sisteminin bir parçası olub. Amma hazırda Azərbaycanın öz milli təhsil sistemi formalaşıb. Müəyyən qərarlar qəbul edilərkən təkcə bir dövlətin yox, dünyanın bir çox inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır”.

Ekspert əlavə edib ki, bu baxımdan Rusiyanın ali təhsil modulunun kor-koranə bizdə tətbiq olunacağını gözləmək olmaz:

“Lakin, sürətli dəyişikliklər bizim  təhsil sistemimizdə də buna uyğun olaraq adekvat dəyişikliklər və diferensial yanaşma tələb edir. Deferensial yanaşma ondan ibarət ola bilər ki, universitetlərdə həm bakalavr, həm də magistr pilləsində bütün ixtisaslar üçün eyni akademik vaxt nəzərdə tutulmasın. 

Yəni ola bilsin ki, bəzi ixtisaslarda təhsil müddəti azaldılsın və ya əksinə artırılsın. Dünya təcrübəsində daha çox təhsilin müddətinin azaldılması tendesiyası müşahidə olunur. Bu baxımdan Rusiyada tətbiq edilməsi nəzərdə tutulan ali təhsil modelinin Azərbaycanda tətbiqi məqsədəuyğun deyil”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 20:16
15 yanvar 2025, 19:37
Top