Politoloq: "Tehran Bakının Türkiyə ilə müttəfiq olduğunu unutmuş kimi görünür"

GÜNDƏM 13 yanvar 2025, 19:06
"İran hazırda həm beynəlxalq, həm də regional məkanda sıxışdırılmış vəziyyətə düşmək üzrədir. İranın yaxın Şərqdəki proksi qüvvələri sıradan çıxarılmaq üzərədir. Əsəd rejiminin devrilməsindən sonra İran yaxın Şərqdəki təsir imkanlarını əldən verib. Belə situasiya İranın Cənubi Qafqaza da təsirini zəiflədir. Bütün bunlar rəsmi Tehranl narahat edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

O bildirib ki, İran Cənubi Qafqazda proseslərdən kənarda qalmamaq üçün müxtəlif radikal davranışlara, siyasi təhdidlərə cəhd göstərir:

"İlk və əsas hədəf Azərbaycandır. Çünki Cənubi Qafqazın geopolitik iradə mərkəzi Azərbaycandır. Cənubi Qafqazda hansısa məsələ ilə bağlı cəhd edilirsə, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan razılıq verməsə, nə İran, nə də başqa bir güc Cənubi Qafqazda öz maraqlarını reallaşdıra bilər. Ən böyük səhvləri də odur ki, İran Azərbaycanın yeni güc mərkəzinə çevrildiyini qəbul etmək istəmir. Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə qarşıdurma situasiyası yaratmaq İranın maraqlarına zərbə vuracaq. İran seçdiyi yanlış taktikanın ziyanını çəkməyə başlayıb. Çünki rəsmi Bakı İranın təzyiqlərinə sərt reaksiyalar verməkdədir. Hətta İran Cənubi Qafqazdan kənarlaşdırıla bilər. Tehran Bakının Türkiyə ilə müttəfiq olduğunu unutmuş kimi görünür. Çünki Cənubi Qafqaz bundan sonrakı mərhələdə Azərbaycan-Türkiyə ittifaqının nəzarətində olacaq. İranın bölgəyə nüfuzetmə istəyi artıq ümidverici məzmun daşımır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top