Gənclərin xaricdə təhsil imkanları genişləndirilir — Qarabağ Dirçəliş Fondu yeniliyə imza atır

GÜNDƏM 27 dekabr 2024, 11:46
Qarabağ Dirçəliş Fondu Qarabağ Universitetinin xarici tələbələrinə təqaüd proqramı ayırmağı planlaşdırır. Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyevin sözlərinə görə, ilkin mərhələdə yerli tələbələr üçün nəzərdə tutulan təqaüd proqramı gələcəkdə Qarabağ Universitetində təhsil alan xarici tələbələr üçün də tətbiq oluna bilər. Fondun dəstəyi ilə yerli tələbələr üçün nəzərdə tutulan təqaüd proqramına görə Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. 

Bu təşəbbüsü Demokrat.az-a dəyərləndirən təhsil eksperti Rizvan Fikrətoğlu deyib ki, təhsil üçün atılan hər bir addım alqışlanmalıdır.

Onun sözlərinə görə, Azərbaycanda xaricdə təhsillə bağlı bir sıra təqaüd proqramları var:



“Elm və Təhsil Nazirliyi, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, donor təşkilatları xətti ilə tələbələr təqaüd proqramları ilə xaricdə təhsil almağa göndərilir. Qarabağ Dirçəliş Fondu özünü doğrultmuş fonddur. Düşünürəm ki, Fonda ianə edənlərin sayı da kifayət qədərdir. Bu vəsaitin bir hissəsinin təhsilə sərf edilməsi müsbət haldır. Bunun hesabına bilik və bacarığı ilə fərqlənən tələbələr xaricdə təhsil almaq imkanı əldə edəcəklər. Öz hesabına xaricdə təhsil almaqda çətinlik çəkən gənclər üçün bu, əsl fürsətdir. Gələcəkdə Qarabağ Universitetində təhsil alan xarici tələbələrə də sözügedən təqaüdün şamil olunması universitetin nüfuzunu artıracaq. Bu, Qarabağ Universitetinə xarici tələbələrin cəlb edilməsinə töhfə verəcək. Xarici  tələbələr üçün güzəşt və imkanların artırılması gələcək illərdə Azərbaycana təhsil almaq məqsədilə gələn xarici gənclərin sayına da təsir edəcək. Nəticə olaraq biz perspektivdə Qarabağ Universitetini beynəlxalq reytinq sıralarında görə bilərik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top