Öz sonunu hazırlayan Makron: İtirilən milyardlar...

GÜNDƏM 26 dekabr 2024, 17:26
“Emmanuel Makron Fransanın tarixinə ən uğursuz prezident kimi düşəcək.Onun siyasəti dövründə Fransanın daxili və xarici siyasətində böyük uğursuzluqların şahidi oluruq. Dünyada insanlar Fransanın dünya sivilizasiyasına bəxş etdiyi dəyərlər müqabilində belə şəxsiyyətin necə meydana çıxdığına təəccüb edirlər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

“Fransa tarixində Didro, Aleksandr Düma kimi böyük maarifçilər, Şarl De Qoll kimi sərkərdələr olan ölkə idi. İndi Makron kimi yetərsiz birinin siyasətçi olması ciddi suallar doğurur. Bu il keçirilən iki seçkidə Makronun partiyasının uğradığı məğlubiyyətin dərəcəsi onun necə siyasətçi olduğunu ortaya qoyur. Bunlar təsadüfi deyil”.

O bildirib ki, Makron Qafqazda bütün Fransanın maraqlarını bir qrup separatçıya qurban verdi:

“Bununla da onun məğlub olması normallaşdı. Fransanın daxili işləri ilə məşğul olmaq yerinə kariyerasının böyük hissəsini erməni mafiyasının müdafiəsinə yönəltdi. Xarici siyasətdə də eyni uğursuzluqlar davam edir. Fransanın bütün müstəmləkə dövlətlərində azadlıq uğrunda mübarizə başlayıb. Fransa həmin xalqlardan heç zaman indiki qədər zərbə və etiraz almamışdı. Ötən əsrin 60-cı illərində başlayan milli azadlıq hərəkatında qat-qat üstün gücdə azadlıq hərəkatını görürük. Makronun iflasının zirvəsi vaxtından əvvəl istefa, əleyhinə qaldırılan hüquqi iddialar ola bilər. O, hətta, Fransa qanunları qarşısında ciddi hüquqi məsuliyyətə cəlb oluna bilər. Onun apardığı siyasət Fransaya mənəvi, siyasi misilsiz zərərlər vurub. Afrika ölkələrindən hərbi baxımdan qovulması milyardlarla itki deməkdir. Fransanın tarixində Makronun ən uğursuz prezident olması artıq reallıqdır. Onun istefası da, vaxtından əvvəl impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılması da mümkündür. Makron siyasətçi kimi öz uğursuz sonunu özü hazırladı”.

 Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top