“Saxta xəbər, dezinformasiya yayanlara qarşı mübarizə aparılmalıdır” — ÇAĞIRIŞ

MEDİA 25 dekabr 2024, 17:49
“Heç bir rəsmi mənbəsi olmayan məlumatların yayılması, hətta kütləvi informasiya vasitələrində dərc olunması yolverilməzdir. Bunun hüquqi tərəfi də var, çünki saxta məlumat cəmiyyətdə gərginlik yaradır, insanlara mənfi təsir edir. Burada jurnalist etikası məfhumu gündəmə gəlir, saxta xəbər yaymaq jurnalist peşəsinə yaraşmayan fəaliyyətdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. 

O bildirib ki, bəzi saytlar bu kimi məsələləri dəqiqləşdirmədən, heç bir rəsmi qurumun açıqlamasına əsaslanmadan, sanki özlərindən xəbər uydururmuş kimi davranır: 

“Təəssüf ki, onlar bunun məsuliyyətini dərk etmir. Lakin belə hallara yol verilməməlidir. Jurnalist həqiqəti yaymalıdır. Reytinq xətrinə yalan informasiya yaymaq, informasiyanı şişirtmək, insalarda təlaş, çaşqınlıq yaratmaq yolverilməzdir. Belə saytalara, jurnalistlərə qarşı mübarizə üsulları gücləndirilməlidir. 

Bugünkü təyyarə qəzasında çox sayda insan həlak oldu, həyatını itirdi. Onların ailə üzvləri intizardadır. Bədbəxt hadisə ilə reytinq qazanmaq jurnalistikanın prinsiplərinə xələl gətirmək deməkdir. Bunu edənlər peşəkar deyillər. Sosial platformalar üzərindindən də “fake” xəbərlər yayılır. Bunu yayanlar ciddi düşünməlidirlər. İnformasiya insanlara ötürülür, onu oxuyan insanlar sarsıla bilər. Yaxşı haldır ki, Medianın İnkişafı Agentliyi bu kimi vəziyyətlərdə dərhal reaksiya verərək, xəbərdarlıq edir. Düşünürəm ki, saxta xəbər, dezinformasiya yayanlara qarşı mübarizə aparılmalıdır”.

Qeyd edək ki, MEDİA jurnalistləri AZAL-a məxsus sərnişin təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yalan məlumatlar yaymamağa çağırıb.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top