"Orta məktəblərdə dini təhsil deyil, dini maarifləndirmə həyata keçirilməlidir" — İlahiyyatçı alim

GÜNDƏM 23 dekabr 2024, 18:27
 “Dini təhsil və dünyəvi dövlət modelinin uyğunlaşması müasir cəmiyyətlərdə daim aktual müzakirə mövzusu olub. Azərbaycanda bu məsələyə yanaşma həm milli-mənəvi dəyərlərimizin qorunmasını, həm də dini maarifləndirmənin təhlükəsizlik və ictimai sabitlik baxımından əhəmiyyətini nəzərə alaraq həyata keçirilməlidir. Azərbaycan Konstitusiyası və qanunlarına görə, din və təhsil bir-birindən ayrıdır. Lakin bu ayrılıq milli kimliyimizin və mədəniyyətimizin formalaşmasında İslamın oynadığı rolu inkar etmir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı alım Əkrəm Həsənov deyib. O bildirib ki, din milli kimliklə bağlı mühüm bir məqamdır və bu sahədə maarifləndirmə doğru çərçivədə aparılmalıdır. Orta məktəblərdə dini təhsilin tədrisinə gəldikdə, Ə.Həsənov hesab edir ki, dini biliklər milli-mədəni kontekstdə təqdim olunmalıdır: 

“Bu, dini radikalizm və yanlış məlumatların qarşısını almaq üçün əhəmiyyətlidir. Milli vətənpərvərlik ruhunun aşılanması zamanı dini-mənəvi dəyərlərə də toxunmaq vacibdir. Dini maarifləndirmə ilə dini təhsil fərqləndirilməlidir. Orta məktəblərdə dini maarifləndirmə milli-mədəniyyət dərsləri çərçivəsində tədris oluna bilər. Bu, uşaqlara yalnız öz dini dəyərlərini deyil, digər dinlərə hörmətlə yanaşma mədəniyyətini də aşılayar”.

Ekspert qeyd edib ki, mütəxəssis hazırlığı və dövlət nəzarəti əsasdır. Belə ki dini təhsil sahəsində təlim keçmiş, dövlət tərəfindən sertifikatlaşdırılmış müəllimlərin iştirak etməsi zəruridir: 

“Bununla yanaşı, bu maarifləndirmənin dünyəvi prinsiplərdən kənara çıxmaması dövlətin nəzarətində olmalıdır. İnsan hüquqlarına və müxtəlifliyə hörmət təmin edilməlidir. Orta məktəblərdə dini təhsilin tətbiqi hər hansı bir məcburiyyət və ya fərqli dini inanclara hörmətsizlik doğurmamalıdır. Plüralist və tolerant cəmiyyət modeli qorunmalıdır”.

İlahiyyatçı alimin fikrincə, dini təhsilə dövlətin sahib çıxması və dəstək göstərməsi mühüm əhəmiyyət kəsb edir: 

“Lakin bu dəstək yalnız dini biliklərin veriləcəyi bir platforma yaratmaqla kifayətlənməməli, həm də bu sahədə elmi-tədqiqat işlərinin və maarifçilik fəaliyyətlərinin gücləndirilməsi ilə müşayiət olunmalıdır.

Mənə görə, orta məktəblərdə dini təhsil deyil, dini maarifləndirmə çərçivəsində hərtərəfli və balanslı bir yanaşma ilə milli-mənəvi dəyərlər öyrədilməlidir. Belə yanaşma həm cəmiyyətin təhlükəsizliyinə, həm də milli həmrəyliyə töhfə verə bilər”.

Qeyd edək ki, dekabrın 23-də Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilib. Forum çərçivəsində "Dünyəvi dövlətdə dini təhsil modelləri: Nəzəriyyə və praktika" mövzusunda panel müzakirələri baş tutub.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 dekabr 2024, 19:40
Top