"400-dən çox məktəbin təmir edilməsinə ehtiyac var" — AÇIQLAMA

GÜNDƏM 20 dekabr 2024, 15:45
Tovuz rayonu Aşağı Quşçu kənd məktəbində baş verən zəhərlənmə hadisəsi gündəmdədir. Bu hadisə təhlükəsizlik qaydalarına yetəri qədər diqqət edilmədiyini göstərir. Məlum hadisə eyni zamanda günümüzdə hələ də bəzi məktəblərin qaz sobası ilə isidilməsi məktəb infrastrukturunda çatışmazlıqların olduğunu da ortaya çıxardı.

Məsələyə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında münasibət bildirib. O qeyd edib ki, məktəb infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir:

“Azərbaycanda məktəb infrastrukturunun yenilənməsi ilə bağlı son illərdə ciddi işlər görülür. Şəhər məktəbləri əsaslı şəkildə yenidən bərpa olunur. Deməzdim ki, kənd yerlərində, eləcə də ucqar ərazilərdəki məktəblərinin hamısı bərbaddır. Ən ucqar kəndlərdə də yeni məktəblər tikilir və ya təmir olunur. Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyilə məktəblərin yenidən qurulması bu gün də davam edir. Milli Məclisin sonuncu iclasında bir daha vurğulandı ki, 400-dən bir qədər çox məktəbin yenidən təmir edilməsinə ehtiyac var. 2025-ci il dövlət büdcəsindən bunun üçün müvafiq vəsaitin ayrılması da təmin olundu”. 

Ekspert bildirib ki, qəzalı vəziyyətdə olan məktəblərimiz də var, amma təmir-tikinti işlərinin böyük maliyyə tələb etdiyini də  nəzərə almaq lazımdır: 

“Hansı məktəbin təcili təmirə ehtiyacı varsa, onun bərpası gündəmə gəlir və nəticədə təhsil ocağı yenilənir, müasir standartlara uyğun qurularaq şagird və müəllimlərin istifadəsinə verilir. İnanıram ki, biz yaxın gələcəkdə təmirsiz, infrastrukturu olmayan məktəb binalarını görməyəcəyik. Bu istiqamətdə hər il monitorinqlər aparılır. Prezident İlham Əliyevin təhsil ocaqlarına diqqət və qayğısı danılmazdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top