27 yaşlı oğlan arvadının fotolarını başqa kişiyə göndərdiyini gördü, sonra isə... — TƏFƏRRÜAT

KRİMİNAL 20 dekabr 2024, 15:23
Lerik rayonunda 1997-ci il təvəllüdlü Elbəy şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Almaza (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 may 2024-cü ildə Lerik rayonunun kəndində baş verib. Elbəy yaşadıqları evin həyətində həyat yoldaşı Almaz ilə aralarında yaranmış ailədaxili münasibətlər zəminində mübahisə edərək dalaşıb. 

Dalaşma zamanı həyat yoldaşı Almazın bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Elbəyin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Lerik rayonunun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır: “Zərərçəkmiş Almaz həyat yoldaşım, Lətafət isə qaynanamdır. 2019-cu ildə Almaz ilə ailə həyatı qurmuşam, birgə nikahdan 2 azyaşlı övladım var. Əvvəllər Almaz ilə aramızda ailədaxili münasibətlər zəminində mübahisələrimiz olmayıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin aprel ayının ortalarında işləmək məqsədilə Bakı şəhərinə gedib, işdən evə gəlib: “Əvvəllər Almazın istifadəsində olan “Samsung A21” markalı mobil telefonu məndə olduğundan əsas səhifədə olan “İnstagram” tətbiqinə daxil olub mesajlar bölməsinə baxdıqda Kamal ilə mesajlaşmasını, Almazın 2 ədəd öz fotoşəkilinin ona göndərilməsini gördüm. Dərhal anası Lətafətə zəng edərək telefonu Almaza verməsini və onunla danışmaq istədiyimi dedim. Almazdan Kamal ilə niyə danışmasını soruşdum. Almaz cavabında Kamal ilə sosial şəbəkədə danışmadığını, ümumiyyətlə sosial şəbəkə hesabının olmadığını dedi. Mən telefonu söndürdüm, təkrar “İnstagram” sosial şəbəkəsində yazışmalarını “screen” edib vatsapda ona atdım. Almaz yenə də Kamalla danışmadığını dedi. Mən bu barədə daha sonra atam Şəmiyə dedim. Şəmi də zəng edərək Almazın atası Şamilə dedi. Mən bir gün sonra Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan qaynatam Şamilin evinə getdim, ailəsinə Almazın etdiyi əməllər barədə məlumat verdim. Şamil də mənə “bu barədə araşdırıb, sənə məlumat verəcəm” dedi. 

Elbəyin ifadəsinə görə, qayınatası mayın 21-də Lerik rayonunun kəndinə gedərək Almazla birlikdə Lerik şəhərinə, daha sonra Bakı şəhərinə gedib, azyaşlı uşaqları isə evdə valideynləri ilə qalıb: “Mayın 24-də kəndə qayıtdım və ertəsi gün, saat 9 radələrində Lerik rayonunun kəndində yaşadığım evdə olarkən həyətdə səs-küy eşitdim. Həyətə düşdükdə Almaz ilə qaynanam Lətafəti gördüm. Almaz məndən uşaqları verməyimi tələb etdi, uşaqlar evdən çölə çıxdı. Almaz azyaşlı oğlumu qucağına götürdü. Bu zaman uşaq ağladı. Almazdan uşağı yerə qoymasını tələb etdim. Almazdan uşağı alaraq yerə qoydum. Anam uşaqları götürərək evə apardı. Mən Almaz və qayınanamdan həyətdən çıxmalarını tələb etdim. Bu vaxt anam və nənəm həyətə düşdü. Mən pilləkənin üstündə əyləşdim. Bu zaman anam ilə Almaz arasında mübahisə yarandı. Mübahisə zamanı onları uzaqlaşdıraraq həyətdən çıxartdım. Həmin an Almaz və Lətafət ilə anamla nənəm arasında mübahisə oldu. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldi. Azyaşlı uşaqlarım Almazgil ilə getdi. Həmin vaxt mən nə Almaza, nə də ki, qayınanama xəsarət yetirməmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Almazın sözlərinə görə, əvvəllər əri Elbəy ilə arasında ailədaxili münasibətlər zəminində bir neçə dəfə mübahisə olub: “Sonuncu dəfə 21 may 2024-cü ildə, səhər saatlarında Lerik rayonunun kəndində yaşadığım evdə olarkən Elbəy ilə aramızda telefon danışığı zamanı ailədaxili münasibətlər zəminində mübahisələrimiz oldu. Elbəy telefon danışığı zamanı mənə “kəndə gəlib səni öldürəcəm” dedi. Mən isə cavabımda heç bir fikir bildirmədim. Bu zaman telefonu əlimdən qaynanam aldı. Atama zəng edərək evdə mübahisə olmaması üçün məni  gələrək aparmasını tələb etdim. Atam həmin gün günortadan sonra kəndə gələrək məni Bakı şəhərinə apardı, azyaşlı uşaqlarım isə kənddə qaldı”. 

Zərərçəkmiş qeyd edib ki, mayın 25-də, səhər saatlarında anası Lətifə ilə birlikdə Lerik rayonunun kəndində həyat yoldaşı Elbəyin yaşadığı evə gedib və 2 azyaşlı uşağının ona verilməsini xahiş edib: “Azyaşlı uşaqları məni görüb yanıma gəldi. Həyat yoldaşım Elbəy bunu görərək uşaqları mənə verməyəcəyini bildirdi, üzərimə hücum çəkərək yumruq və təpiklə mənim alın, əl, bel və boyun nahiyələrimə zərbə vurması nəticəsində həmin nahiyələrdə mənə xəsarət yetirdi. Daha sonra anası üzərimə hücum edərək yumruq və təpiklə mənə xəsarət yetirdi. Ailə üzvləri Eıbəyi bizdən ayırdı. Mən bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmtinə məlumat verdim. Elbəy barəsində tədbir görülməsini xahiş etdim. Mənə Elbəy yumruq və təpiklə xəsarət yetirdi. Elbəy məni  döydü”.

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbəy 20 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 dekabr 2024, 19:15
Top