“Klinikalarda növbə alveri ilə məşğul olanlar vətəndaşlara problem yaradır” — Sosioloq

GÜNDƏM 17 dekabr 2024, 16:32
İcbari Tibbi Sığortaya bağlı olaraq klinikalarda həddən artıq sıxlıq müşahidə olunur. İnsanlar bəzi hallarda bezib özəl klinikalara üz tutmaq məcburiyyətində qalırlar. Problemin altında hansı səbəblər dayanır?

Sosioloq Lalə Mehralı mövzu ilə bağlı Demokrat.az-a danışıb:

“Sığorta sistemini yaradan zaman alt mexanizmini də düzgün işləmək lazım idi. Tələb və təklif məsələsi bir-birinə adekvat olmalıdır. Xəstənin sayına görə tibbi müəssisə, personal və avadanlıq olmalı idi. Bu məsələdə çox ciddi qeyri-mütənasiblik var. Xəstələrin vəziyyəti də qəbul prosesində rol oynamalıdır. Aylıq “check-up”a gedən insanlarla vəziyyətin ağır olan insanların qəbul edilməsində fərqli standartlar olmalıdır. Növbədə halı pisləşən, krizə girən insanlar olur. Erkən növbədə olub vəziyyəti o qədər də ciddi olmayan şəxs haqlı olaraq növbəsini başqasına vermək istəmir. Çünki hər kəs növbə üçün əziyyət çəkir. Növbəsini verən zaman yenidən növbənin çatmasını gözləmək uzun proses olur”. 

O bildirib ki, Səhiyyə Nazirliyi və tibb müəssisəsi bu məsələdə məsuliyyət daşıyır:

“Xəstəliyin və xəstənin vəziyyətinə görə işləri nizamlamaq lazımdır. 

Növbə rəqəmlərlə nizamlanır. Ancaq bundan biznes məqsədi üçün istifadə edənlər var. Səhər erkən saatlarda aparatdan növbə götürüb, növbəni pul müqabilində satanlar var. Həmin məbləğ yerinə, tezliyinə və gecliyinə görə dəyişir. Növbə alveri ilə məşğul olanlar da süni sıxlıq yaradır. Bir nəfər 5-10 növbə götürüb bizneslə məşğul olursa, deməli, sıxlıq yaradan digər səbəblərdən biri də budur. Həqiqətən ehtiyacı olan insanların haqqına girilir”. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top