"Baş verən hadisələrdə məşqçilər işlərinə qeyri-peşəkar yanaşmış olur" — AÇIQLAMA

GÜNDƏM 14 dekabr 2024, 18:34
Son illər ölkəmizdəki idman zallarında baş verən neqativ hallar valideynlərin narahatlığına səbəb olub. Bir çox valideynlər bu səbəblərə görə övladlarını idmandan uzaqlaşdırır.

Məsələ ilə bağlı "Rekord.az" saytının baş redaktoru Kənan Məstəliyev Demokrat.az-a danışıb: 

"Hər bir idman növü individualdır. Hər birinin zalda müvafiq təhlükəsizlik tədbirləri olmalıdır. Tədbirlər idmanın növünə görə dəyişə bilir. Təhlükəsizlik tədbiri dedikdə hansısa avadanlıq nəzərdə tutulmur. Mühafizəçi sistemi də heç nəyi dəyişmir. Bu halların çox sadə iki çıxış yolu var. Birincisi, hansısa idman növünün federasiyasının tanıdığı lisenziyalı, peşəkar mütəxəssis olmalıdır. Övladınızı  idmana yazdıran zaman müəllimin həmin dərsi keçməyə icazəsi olduğunu öyrənmək lazımdır. Uğur qazanmaqdan başqa müəllimin işə yanaşmasının doğru olub-olmadığını bilmək vacibdir. İdman sadəcə idmançı deyil, vətəndaş yetişdirməkdir. Müəllimin qadın və ya kişi olması fərq etmir. Ana-atadan ayrı olan uşaq üçün müəllim məşq zalında valideyn hesab olunur. Buna görə də düzgün məşqçi seçmək lazımdır".

O bildirib ki, peşəkar məşqçinin verdiyi tapşırıqları düzgün həyata keçirmək lazımdır:

"Məsələn, boks zalında məşqçinin özünümüdafiə tapşırıqlarını düzgün yerinə yetirməmək ciddi fəsadlar yarada bilər. Doğru müdafiə olunmamaq ölümlə  nəticələnə bilər. Məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirmək hər bir idman növündə vacibdir. 

Son illərdə baş verən hadisələr hansısa avadanlıqla və.s bağlı deyil. Sırf məşqçinin peşəkar olub-olmaması, işə yanaşması ilə əlaqədardır. Baş verən hadisələrdə məşqçilər işlərinə qeyri-peşəkar yanaşmış olur. Müvafiq orqanlar öz məşqçilərinə daha çox diqqət ayırarsa, tələbkar olarsa, heç bir problem qalmaz".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top