Politoloq: “Makronun siyasəti bölgədə biabırcasına məğlub olub”

DÜNYA 13 dekabr 2024, 15:57
“Gürcüstanda baş verənlər bir çox həqiqətin üzərinə işıq saldı. Bəlli olan odur ki, Fransa təkcə öz adından deyil, ABŞ-ın bəzi dairələri adından da danışır. Kollektiv Qərb deyə bir anlayış yoxdur artıq. Təəccüblüsü odur ki, Qafqaz məsələlərində isə kollektiv Qərb hardasa özünü biruzə verməyə başlayır.  Onların bölgə ilə bağlı istəkləri üst-üstə düşür. ABŞ Makronun üzərinə xüsusi missiya qoyub ki, koordinatorluq etsin. Onun yarıtmaz fəaliyyətinə görə biz hər şeyi görə bilirik. Makron yarıtmaz siyasətçidir. Bu adam yaradıcı deyil, dağıdıcıdır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib:

“ABŞ və Makron yanlış yoldadırlar. Onların Qafqazda istədikləri rejimi yaratmaq imkanı yoxdur. Çünki bölgədə Azərbaycan kimi güclü dövlət və qurduğu nizam var. ABŞ və Fransa yaratdığımız sabitliyi pozmağa çalışsa da, mümkün olmayacaq”. 

T. Abbasov bildirib ki, seçki kampaniyasında Gürcüstanı qarışdırmaq istədilər: 

“Ancaq buna nail ola bilmədilər. Çünki milli maraqlar, ənənəvi dəyərləri anlayanlar bildi ki, onlara yad bir siyasəti sırımaq istəyirlər. Seçkilərin nəticəsi də göstərdi ki, Gürcüstanda kim hansı mövqedə yer alır. Sirr deyil ki, rəngli inqilablar qərblilər üçün önəmlidir. Onlara elə gəlir ki, başqa xalqların istəyini nəzərə almadan nələrisə həll edə bilərlər. Xalqların bəziləri yatmış vəziyyətdə olsa da, bir çoxları oyanışa keçib”. 

Politoloq qeyd edib ki, bu istiqamətdə Azərbaycan bir çox ölkələrə örnəkdir: 

“Biz həqiqətən bir çox məsələlərdə özümüzə məxsus modellər yarada bilmişik. Gürcüstan da bizim modeldən yararlanmağı özünə borc bildi.Gürcüstanda azərbaycanlıların da sayı çoxdur. Onların da bu məsələlərdə səsi eşidildi. Onlar regionda sabitliyin pozulmaması üçün çalışırlar.Makronun dağıdıcı siyasəti, onun rəhbərliyi altında fəaliyyət göstərən Salome Zurabişvilinin “partiyası” biabırcasına məğlub oldular. Salome Zurabişviliyə elə tapşırıq verilib ki, məğlub olsa da, bu vəziyyətlə barışmaq istəmir.Proseslər artıq elə bir tərzdə inkişaf edir ki, gürcü xalqının məramı bərqərar olub. Hesab edirəm, digərləri öz siyasi təsərrüfatlarının qalıqlarını yığışdırıb, rədd olsunlar. Başqa variantları yoxdur”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top