Göyçayda oğul atasını döydü

HADİSƏ 11 dekabr 2024, 13:02
Göyçay rayonunda 1993-cü il təvəllüdlü Bəhruz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı atası Vazehə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın
əldə etdiyi məlumata görə, hadisə 11 fevral 2024-cü ildə baş verib. 

Bəhruz həmin gün  saat 14 radələrində yaşadığı evdə olarkən atası Vazeh ilə sonuncunun spirtli içki içməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumruqla onun sifətin sol nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Vazeh onun doğma atasıdır, Vazeh əvvəllər spirtli içki alüdəçisi olub, lakin 2020-ci ildən spirtli içkilərdən istifadə etmir: 

“11 fevral 2024-cü ildə, saat 14 radələrində iş yerində olanda atam Bəhruzun sərxoş halda yanıma gəlməsini gördüm, müdirim ilə görüşmək istədiyini bildirdi. Atamın sərxoş olduğunu görərək belə vəziyyətdə görüşməsinin mümkün olmadığına ona bildirdim, onun qoluna girərək yaşadığım evə gətirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadıqları evə gələn zaman evdə heç kim olmayıb: 

“Anam və arvadım həmin vaxt alış-veriş üçün bazara getmişdi, oradan da qayınatamgilə getməli olmuşdular. Evdə atama spirtli içki içdiyi üçün öz iradlarımı bildirəndə atam üzərimə gələrək mənimlə mübahisə etməyə başladı. Mübahisə etməmək üçün atamın divanda uzanması üçün itələdim. 

Bundan sonra isə öz yataq otağıma keçdim. Atamın içəri girməməsi üçün qapını açar ilə arxadan bağladım. Bundan sonra atam qapını açmasını istədi. Mən isə mübahisə etməmək üçün atama cavab vermədim. Təxminən 5 dəqiqə sonra atamın nə iləsə yataq otağımın qapısını vurmasını bildim. Buna görə də qapını açdım. Bu zaman atamın əlində dəmir parçasının olmasını gördüm. Onun əlindən dəmir parçasını almaq istədim. Lakin atam əlindən buraxmaq istəmədi. Buna görə də əsəbiləşdim və bir dəfə qəsdən yumruqla atamın sifətinin sol nahiyəsindən qəsdən vurdum. Zərbədən sonra atam bir qədər geriyə doğru gedərək yerə yıxıldı və əlləri boşaldı. Mən fə dəmir parçasını atamın əlindən aldım və evdən çölə çıxdım”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vazehin sözlərinə görə, təqsirləndirilən Bəhruz onun doğma oğludur: 

“Oğlum ilə aramızda əvvəllər hər hansı mübahisə və dava dalaş olmayıb. Biz bir evdə yaşamışıq. Həmçinin evdə məndən və oğlum Bəhruzdan başqa arvadım və gəlinim yaşayıb”. 

Vazeh qeyd edib ki, fevralın 11-də, təxminən saat 13 radələrində yaşadığı evdə tək olan zaman spirtli içki olan araq içib: 

“Bundan sonra bir qədər sərxoş oldum. Həmin gün saat 14 radələrində özümü narahat hissə etdiyim üçün dərman almaq üçün yaşadığım evin yaxınlığına yerləşən aptekə getdim. Aptekdən baş ağrısı üçün dərman alaraq yaşadığım evə doğru qayıtdım. Bu zaman yolda oğlum ilə qarşılaşdım. Oğlum mənim qoluma girərək yaşadığımız evə gətirdi. Oğlum spirtli içki içdiyi üçün mənə irad bildirdi, oturmam üçün məni divana itələdi. Həmin vaxt oğlum Bəhruzu yanıma çağıraraq nəyə görə mənə irad bildirməsini soruşdum. Bəhruz isə öz otağına keçdi. Buna görə də oğlumun otağının qapısını açaraq onu yenidən yanıma çağırmaq istədim. Lakin oğlumun otağın qapısını bağlamasını gördüm”. 

Zərərçəkmiş şəxsin ifadəsinə görə, daha sonra yaşadığı evin həyətindən dəmir parçasını gətirib və oğlunun otağının qapısını açmaq istəyib: 

“Bu zaman oğlum Bəhruz otağın qapısını açdı və əlimdə dəmir parçasının olmasını görərək əlimdən almaq istədi. Həmin vaxt oğlum bir dəfə yumruqla sol gözümün altından qəsdən vurdu. Daha sonra isə oğlum evdən çıxaraq getdi. Bundan sonra əsəbimdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək oğlumun  məni vurduğunu bildirdi”.

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top