Azərbaycan tarixi haqqında filmlərin çəkilməsinə üstünlük verilməlidir

MƏDƏNİYYƏT 07 dekabr 2024, 18:37
Bu günlərdə təqdimatı keçirilən tarixi bədii-sənədli “Azərbaycan Atabəyləri” filmi bütün ölkəyə səs saldı. Xüsusilə də tarixçilərin, orta əsr dövrünü tədqiq edən alimlərin marağını çəkən film Azərbaycan Atabəyləri dövlətinin yaranmasından və yüksəlişindən bəhs edir. Filmdə Qara Sunqur, Şəmsəddin Eldəniz,Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Sultan Məsud, Arslan şah kimi tarixi şəxsiyyətlər canlandırılıb. Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən bu cür filmlərin çəkilməsi tariximizin təbliğatı ilə yanaşı, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda böyüdülməsində əvəzsiz rol oynayır.
 


Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan gəncliyinin milli, vətənpərvər ruhda inkişafı baxımından tarixi filmlər böyük əhəmiyyət daşıyır: 

“Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” filminin təqdimatı oldu. Onu qeyd edim ki, filmin təqdimatına kifayət qədər insan gəlmişdi. Və bir cümlə ilə qeyd etmək olar ki, bu insanların hər biri filmdən razı getdilər. Azərbaycan xalqının zəngin tarixi var. Amma o tarixi yazmaq, o tarixi ekranlaşdırmaq böyük hadisədir. Nə zaman ki tarix yazılır, o, nəsildən nəslə ötürülür. Nə zaman ki tarix ekranlaşdırılır, o filmə baxan insanlarda film haqqında müəyyən düşüncələr, fikirlər yaranır. Bir tarixçi olaraq deyə bilərəm ki, Azərbaycan Atabəylər dövləti ərazi baxımından ən böyük dövlətlərdən biridir və Azərbaycan tarixində mühüm rolu olan dövlətlərdən olub. İkincisi, paytaxt baxımından - hansı şəhərlər bu dövlətin paytaxtı olub, bunun dövlətçilik tariximizdə xüsusi önəmi vardır. Atabəylər dövləti xalqı, bütün ərazini birləşdirmək, güclü bir dövlət yaratmaq missiyasını qarşısına məqsəd qoymuşdu. Tarix boyu Azərbaycana bəd niyyətli əllər uzanıb, işğalçı düşüncəsiylə yaşayan dövlətlər zaman-zaman Azərbaycan ərazisinə yürüşlər edib. Lakin bu yürüşlərin sonu olaraq biz - Azərbaycan xalqı həmişə qalib gəlmişik. Nə üçün, çünki bu xalqı, bu dövlətləri idarə edən güclü sərkərdələr xalqın önündə gedəndə, xalqla birlikdə problemləri həll edəndə qalibiyyət mütləqdir. Filmin özündə də bu fikir, bu ideyanın təqdimatı var”. 

Millət vəkili deyib ki, bu film ideyası etibarilə  44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə xitab olunub:



“Film bu fikri çatdırır ki, Azərbaycan xalqı həmişə dahi, böyük sərkərdələr yetişdirib. Bu sərkərdələrdən biri də Atabəy Eldəgizdir. Onun ən böyük arzusu o idi ki, xalqın əmin-amanlığını təmin etsin, düşmən tərəfindən tutulan torpaqları azad etsin, dövlətinin bütövlüyünü qorusun. Filmdə 12-13-cü əsrin düşüncəsi ilə 20-21-ci əsrin düşüncəsi üst-üstə düşür. Düşmən güclü idi, amma dövlət başçısı xalqı ruhlandırdı, çağırış etdi, xalq, gənclər bu çağırışı eşitdi, qəbul etdi və düşmənlərimizi darmadağın etdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev torpaqlarımızı işğaldan azad etmək, dövlətin suverenliyini bərpa etmək üçün əsgərlər yetişdirdi, problemin tarixiliyini dünyaya çatdırdı, güclü iqtisadiyyat yaratdı, xalq-dövlət birliyi imkan verdi ki, xalqın ən böyük arzusunu -  torpaqların azad edilməsini həyata keçirsin və həyata keçirdi də”. 

A.İsgəndərovun fikrincə, belə filmlər bizə çox lazımdır:

“İlk cəhdlərdən biri olduğuna görə təndiqdən daha çox uğurlardan danışmağa ehtiyac var. Bu film Azərbaycan gənclərinə xitab olunan filmlərdən biridir ki, torpağı qorumaq həmişə olub, nəsildən nəslə, əsrdən əsrə keçib. Bu da əyani bir nümunədir. Azərbaycan gəncliyi üçün filmin böyük əhəmiyyəti var. Şübhəsiz ki film istehsalı sahəsində işlər davam edəcək. Gələcək filmlər bundan da dolğun olacaq. Hamının maraqlarını təmin edən filmlərə çevriləcək. Dünyada da belədir. İlk addım atılır, ilk cəhdlər göstərilir, sonra uğurlu iş davam etdirilir. İnanıram ki, filmi ərsəyə gətirən təşkilatlar Azərbaycan tamaşaçısının ürəyindən keçən fikri inkişaf etdirəcək, yeni filmlər meydana gələcək və hər biri tarixə xidmət edəcək, Azərbaycan gəncliyini Vətənə məhəbbət ruhunda tərbiyələndirəcək”.

Siyasi şərhçi Azər Həsrət sayta açıqlamasında bildirib ki, bu filmin məhz AzTV tərəfindən çəkilməsi də ayrıca təqdir olunmalıdır, çünki o, Azərbaycan teleməkanında flaqmandır. Ekspert qeyd edib ki, telekanalın milli, dövlət əhəmiyyətli məsələlərdə öncüllük etməsi təqdirəlayiqdir. Azər Həsrət filmin çəkilməsinin arzuolunan və gözlənilən olduğunu deyib:



“Çünki həqiqətən də Azərbaycan tarixinin filmləşdirilməsinin, təbliğatının aparılması vacibdir. İndi zaman dəyişib,  sosial media dövrüdür, bir qayda olaraq dünyada yeni texnologiyalar hər bir şeyi üstələyir. Belə bir şəraitdə yetişən nəslin tarix, bədii ədəbiyyat oxuması çətin məsələdir. Ona görə də görüntüyə,filmlərə üstünlük verilməsi çox vacibdir. Atabəylər haqqında filmin çəkilməsi də yerinə düşüb. Yəqin ki, filmi müzakirə edənlər, razı qalanlar, qalmayanlar da olacaq. Amma hər bir halda düşünürəm ki, bu, uğurlu bir başlanğıcdır”. 

Ekspert digər tərəfdən Azərbaycanın ən qədim tarixindən tutmuş müasir dövrədək ötən tarix haqqında filmlərin çəkilməsinin arzuolunan olduğunu dilə gətirib:

“Manna, Midiya, Atropatena dövlətləri ilə bağlı, ümumiyyətlə, İslama qədərki dövrlə bağlı filmlər çəkilsin. Türk kimliyini özündə ehtiva edən filmlər mütləq çəkilməlidir. Təbiidir ki, uzun bir dövr Ağqoyunlular, Qaraqoyunlular dövrünü əhatə edir və yaxud da Səfəvilər dövrü filmləşdirilməlidir. Hesab edirəm ki, Azərbaycan tarixçiliyi üzərində köklənmiş film sənayesi ümumi film sənayesindən ayrılaraq daha üstün bir şəkildə təqdim edilməlidir. Yeri gəlmişkən, deyim ki, illər öncə biz Azərbaycanda tarixi filmlərin çəkilməsi haqqında danışanda türk hökmdar qadın Tomiris haqqında danışırdıq, arzu edirdik ki, onun haqqında film çəkilsin. Biz danışa-danışa qaldığımız bir vaxtda qardaş Qazaxıstanda bu işin üstünə getdilər, “Tomiris” adı yüksək keyfiyyətli gözəl bir film ərsəyə gətirdilər. Düşünürəm ki, gecikmək olmaz, bu baxımdan bu missiya davam etdirilməlidir”.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusunda hazırlanıb. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top