Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq.
"Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Məişət zorakılığına qarşı mübarizə ilə bağlı hazırlanan yeni fəaliyyət planında öz əksini tapıb.
Komitənin Hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə qurumun rəsmi "Facebook" səhifəsindəki canlı yayımda bildirib ki, fəaliyyət planının layihəsi yaxın aylarda aidiyyəti dövlət qurumlarına göndəriləcək:
"Vətəndaşların məlumat bankında müraciət edən şəxsin əvvəllər zorakılığa məruz qalıb-qalmadığı, ona hansı hüquqi yardımların göstərildiyi, prosesin nəticəsi və s. haqqında məlumatlar öz əksini tapacaq".
Xatırladaq ki, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın icra müddəti başa çatıb.
Bildirək ki, BMT Baş Assambleyasının 1999-cu ilin dekabrında qəbul etdiyi qətnaməyə əsasən, hər il noyabrın 25-də Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü kimi qeyd olunur.