Azərbaycan daha bir qlobal tədbirə ev sahibliyi edəcək — AÇIQLAMA

SİYASƏT 25 noyabr 2024, 12:51
Azərbaycan 2025-ci ilin iyun ayında "Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu" adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək. Tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, konfrans ən yaxşı təcrübələrin bölüşülməsi və daha yaşıl gələcək üçün əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq.

Ekoloji problemlərin həllinə yönəlmiş daha bir qlobal tədbirin Azərbaycanda keçirilməsinin önəmini ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlayıb.

O bildirib ki, bu tədbir miqyasına görə regionda ən böyük tədbirlərdən biri olacaq:

“Tədbirə gələn müxtəlif sektorları təmsil edən insanlar gördükləri işləri, qazandıqları təcrübələri digər iştirakçılarla bölüşəcəklər. Həm də regionumuzun və dünyamızın mühüm qlobal problemlərinin həllini müzakirə edəcəklər. Tədbir daha çox meşəçilik və biomüxtəlifliyə aid olsa da, burada digər ekoloji problemlərin – su problemlərinin, transsərhəd su idarəçiliyinin, ətraf mühitin və atmosferin çirklənməsinin qarşısını almaq yollarının müzakirə ediləcəyi də gözlənilir. Tədbirin keçirilməsində əsas məqsədlərdən biri beynəlxalq ictimaiyyətə, siyasət insanlarına, beynəlxalq təşkilatlara regionumuzda və dünyada olan əsas qlobal ekoloji problemləri çatdırmaq və onların həlli üçün addımların atılmasının nə qədər zəruri olduğunu vurğulamaqdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top