Xalq artisti Yaşar Nurinin vəfatından 12 il ötür

MƏDƏNİYYƏT 22 noyabr 2024, 09:27
Bu gün Xalq artisti, komik, psixoloji və dramatik rolların ifaçısı Yaşar Nurinin anım günüdür.

Yaşar Məmmədsadıq oğlu (Nuri) Nuriyev 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində doğulub.

Aktyor səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.

O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olub.

İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və başqa obrazlarını yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabrın 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu obrazları var.

50-yə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanan yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.

Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Rejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd bazar günü" filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin kinoda ilk işi oldu. Onun maraqlı rollarından biri "Əzablı yollar" nağıl-filmindəki kiçik div obrazıdır.

Aktyorun yaddaqalan obrazlarından biri də "Yol əhvalatı" filmindəki Makintoş roludur.

Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili xaş" və "Bəyin oğurlanması" (mərhum sənətkar Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin oğurlanması") obrazının xüsusi yeri var.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya..."dakı Asim Əliyeviçi, "Hər şey yaxşılığa doğru", "Nakəs", "Fransız", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq.

Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci ilin bu günü, yəni noyabrın 22-də Bakıda Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib. (Baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top