Minimum pensiya və əmək haqqı necə artacaq?

GÜNDƏM 19 noyabr 2024, 10:31
Məsələni bu gün Milli Məclisdə də qaldırdım. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2025-ci ilin dövlət büdcəsi layihəsi” birinci oxunuşda müzakirə edildi. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə “2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağı” qeydidir. Keçirilən müzakirələrdə bu məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istədim və güman edirəm ki, yaxın günlərdə rəsmi əsaslandırma təqdim olunacaq.

Demokrat.az xəbər verir ki, bu sözləri axar.az-a millət vəkili, iqtisadçı Vüqar Bayramov minimum pensiya məbləğinin nə üçün 280 manat olaraq saxlanılmasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, minimum əmək haqqı və minimum pensiya məbləğləri ilə bağlı qərarlar dövlət başçısı tərəfindən qəbul olunur:

“Qeyd edim ki, Palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na istinad edib. Bununla yanaşı, cənab Prezident həm minimum əmək haqqının, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətdə işlər görülməkdədir.

Mətbuat tərəfindən bu məsələ ilə bağlı çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlarla artırılır. Yəni hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da, qərarları dövlət başçısı verir. Deməli, həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq. Strategiyaya istinad etmək heç də konkret məbləğlərin müəyyən edilməsi anlamına gəlmir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na istinad varsa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu, mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”.

Ekspert minimum pensiyanın məbləğinin minimum pensiya kapitalına təsiri ilə bağlı məsələyə münasibət bildirib. Qeyd edib ki, bununla bağlı təkliflər hazırlanır:

“Minimum pensiya artan zaman minimum pensiya kapitalı ilə bağlı tələblər də artır. Minimum pensiya 144-ə vurulmaqla minimum pensiya kapitalı müəyyənləşir. Ona görə, bununla bağlı da təkliflərimiz var ki, daha differensial və digər meyarlar nəzərə alınmaqla mimimum pensiya kapitalı tələbi müəyyənləşsin. Nəticə etibarı ilə minimum pensiya minimum pensiya kapitalını artırdığına görə, burada digər meyarlardan istifadə edilməsinə ehtiyac var. Yalnız 25 illik staj olduqda minimum pensiya kapitalı tələb olunmur. Bu meyarların sayını artırmağa ehtiyac var ki, minimum pensiya kapitalı toplaya bilməyən vətəndaşlarımız da pensiya almaq hüququna malik olsunlar”.

Qeyd edək ki, hazırda minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 40320 manat (minimum pensiya kapitalı) pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top