Arvadını və qızını qətlə yetirən qatildən ŞOK SÖZLƏR

KRİMİNAL 11 noyabr 2024, 14:30
Şəmkir rayonunda 1988-ci il təvəllüdlü Nurlan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı hamilə vəziyyətdə olan həyat yoldaşı, 1995-ci il təvəllüdlü  Gülsümü və azyaşlı qızı, 2014-cü il təvəllüdlü Gülnarəni (adlar şərti göstərilib – red.) qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nurlan hamilə vəziyyətində olan arvadı Gülsümün ona və ailə üzvlərinə qarşı saymamazlıq etməsi, laqeyd davranması bəhanəsi ilə bağlı qəsdən öldürmək niyyətilə 12 fevral 2022-ci ildə, saat 21 radələrində Şəmkir rayonunun qəsəbələrindən birində yerləşən birgə yaşadıqları fərdi yaşayış evinin mətbəxindən götürdüyü bıçağını yatdığı otaqda çarpayının altında gizlədib. 

Daha sonra Nurlan fevralın 13-də, səhər saat 07:30-da yuxudan oyanaraq yataq otağında çarpayıda uzanmış halda olan və aşkar surətdə hamilə vəziyyətdə olmasını bildiyi arvadını öldürmək məqsədilə mətbəx bıçağı ilə ona zərbələr vurub.

Nurlan həmin vaxt Gülsüm ilə eyni çarpayıda yatan və aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı qızı Gülnarənin qəflətən yuxudan oyanmasından və ona mane olmasından hiddətlənib. 

O, qızını da öldürmək məqsədilə bıçaqla onun döş qəfəsinə zərbələr vurub. 

Nurlan arvadına ümumilikdə 33, azyaşlı qızına isə 21 bıçaq zərbəsi vurub. 

Xəsarətlər nəticəsində Gülsüm və qızı Gülnarə vəfat ediblər. 

Hadisəni törədən Nurlanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadə verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, 2013-cü ilin mart ayında Gülsüm ilə ailə həyatı qurub: 

“Bu evlilikdən 2014-cü ildə qızım Gülnarə dünyaya gəldi. Evləndikdən sonra ailəm ilə münasibətlərim normal olub. Təxminən 2016-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə biznes fəaliyyəti ilə məşğul olmaq üçün getmişəm. 3 ay qaldıqdan sonra evimə qayıtmışam. Bundan sonra da arvadım ilə münasibətlərim yaxşı olub. Gülsüm ilə aramızda heç bir mübahisə və narazılıq olmayıb. 

Nevroloji problemlərim ilə əlaqədar başında ağrılar olduğundan 2008-ci ildən hadisə olanadək intensiv olaraq həkim müşahidəsində olmuşam və müalicələr almışam. Həkimlər nevroloji problemlərim ilə əlaqədar müalicəmi ömrümün sonunadək alacağını bildiriblər. Arvadım və qızımı necə öldürdüyümü, onlara necə xəsarət yetirdiyimi, hadisənin necə baş verdiyini ümumiyyətlə xatırlamamışam. Hadisə baş verən zaman özümdə olmamışam”.

Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq hadisənin necə baş verdiyini xatırlamadığını, arvadı və qızını öldürmədiyini, onları “şeytanın”, “qara qüvvələrin” öldürdüyünü, insanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamadığını göstərib.

Amma Nurlan ibtidai istintaq zamanı verdiyi ifadəsində fərqli danışıb, hadisəni necə törətdiyini etiraf edib. Bu səbəbdən onun həmin ifadəsi məhkəmədə elan edilib. Nurlan ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü tam təqsirli bilib. 

O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 1988-ci il tarixdə Şəmkir rayonunun qəsəbəsində anadan olub və аilə üzvləri ilə birlikdə həmin qəsəbədə yaşayıb, rəsmi olaraq heç bir yerdə işləməyib: 

“2013-cü il mart ayında Gülsüm ilə ailə həyatı qurmuşam. Bu evlilikdən 2014-cü ildə qızım Gülnarə dünyaya gəldi. Evləndikdən sonra münasibətlərim normal olub. Mən  təxminən 2016-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə biznes fəaliyyəti ilə məşğul olmaq üçün getdim. Üç ay qaldıqdan sonra evimə qayıtdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadı ilə münasibəti pisləşməyə başlayıb: 

“Elə hiss etdim ki, arvadım mənə xəyanət edir. Arvadımın anam və digər ailə üzvlərim ilə münasibəti dəyişəməyə başlamışdı. Arvadım valideynlərimə qarşı hörmətsizlik edərək onların sözünə qulaq asmayıb. Həmçinin, arvadım qızım Gülnarəni də özü kimi tərbiyə edib. Bu isə məni narahat etməyə başladı. Arvadım mən  evdə olan zaman anamın sözünə qulaq asmayıb. Mən evdə olmayan vaxt isə anamın sözünə qulaq asmayaraq saymamazlıq edib. Mən bununla bağlı arvadımı dəfələrlə tənbeh etsəm də, arvadım sözümə qulaq asmayıb. Üstəlik, arvadım və ailə üzvləri məni dəli hesab ediblər. Bu, artıq məni təngə gətirmişdi. Həmçinin, mənim başımda ağrılar olub və yuxu rejimim pozulub. Lakin arvadım səhhətimin belə olmasını nəzərə almayaraq nevroloji vəziyyətim ilə bağlı qayğı göstərmək yerinə, məni daha da özümdən çıxarıb. Bundan əlavə, arvadım qızıma tərbiyə verən zaman məni normal insan kimi təqdim etməyib. Nəticədə, qızım mənə “sən mənim atam deyilsən” deyib. Bütün bunlardan başqa, mən arvadımın xəyanət etməsindən şübhələndim. Bununla bağlı sübutum olmasa da, arvadım axşamlar məni tez bir şəkildə yatızdırmağa çalışıb. Arvadı, həmçinin, hərəkətləri ilə onu şübhələndirmişdir. Yəni, arvadım əvvəllər, sakit və sözümdən çıxmayan bir insan olsa da, uşağı məktəbə apardıqdan sonra dəyişməyə başladı. Gecələr evdə yaxın münasibətdən uzaqlaşmağa çalışdı. Bütün bunların nəticəsində, mən özümdən çıxaraq arvadımı öldürməyi qərarlaşdırdım”. 

Nurlanın ifadəsinə görə, 12 fevral 2022-ci ildə, saat 21 radələrində mətbəx bıçağını yatdığı çarpayının alt tərəfinə qoyub, məqsədi arvadını öldürmək olub: 

“Fevralın 13-də, saat təxminən 07:30-da yuxudan oyandım. Arvadımın mənə qarşı etdikləri, saymazlıq hərəkətləri gözümün önünə gəldi. Bu, məni daha da özümdən çıxartdı. Bu vaxt qızım Gülnarə arvadım ilə yatdığım çarpayıda bizimlə birgə yatıb. Mən yuxudan oyanaraq dərhal çarpayının altında olan bıçağı götürərək yatmış vəziyyətdə olan arvadımın döş qəfəsi nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurmuşam. 1-ci bıçaq zərbəsindən sonra arvadım yuxudan oyanaraq mənə müqavimət göstərməyə, əli ilə mənə mane olmağa çalışsa da, buna nail ola bilmədi. 

Təxminən 2-ci bıçaq zərbəsindən sonra qızım Gülnarə yuxudan oyandı və araya girən zaman mən qızıma da çoxsaylı bıçaq zərbələri vurdum. Qızımın döş qəfəsi nahiyəsində çoxsaylı bıçaq zərbələri yetirməyim arvadımı bıçaqla vuran zaman qızımın bu hala mane olmaq istəyi ilə əlaqədar olub. Qızı qəflətən oyanaraq arvadımı öldürməyimə mane olmaq istədiyinə görə özümdən çıxaraq qızıma çoxsaylı bıçaq zərbələri yetirmişəm. Arvadım ilə qızımı bıçaqladıqdan sonra qızımı çarpayıda arxası üstdə uzanıqlı və qana bulaşmış vəziyyətdə gördüm. Qızım ölüm ayağında can verdi. 

Arvadım isə bədən səthi tam şəkildə qana bulaşmış vəziyyətdə otaqdan çıxaraq sağ tərəfdə yerləşən nənəmin otağına tərəf getdi. Mən də onun arxasınca nənəmin otağına tərəf hərəkət etdim. Nənəmin otağına gedən zaman Gülsümü qana bulaşmış vəziyyətdə gördüm. Nənəm özü də orada olub. Nənəm Gülsümü qucaqladı. Mən otaqdan çıxaraq evin həyətinə getdim. Pilləkənlərdən düşən zaman atam mənə tərəf əsəbiləşərək “neynədin sən?” dedi. Bıçağı evin həyətində olan məhləyə ataraq oradan uzaqlaşdım. Hadisə yerindən uzaqlaşaraq qonşuluqda yaşayana dayımın evinə getdim. Orada dayım, arvadı və oğlu olublar. Həmin qohumlarıma arvadımı və qızımı bıçaqladığımı bildirdim. Dayım atama zəng edərək baş verənlər barəsində öyrəndi. Bundan sonra polis əməkdaşları gələrək məni Şəmkir Rayon Polis Şöbəsinə apardılar”.

Təqsirləndirilən şəxs ifadəsində daha sonra onu da göstərib ki, qızını və arvadını mətbəx bıçağı ilə qətlə yetirib. 

O, qızını qətlə yetirdiyi üçün peşman olduğunu deyib. 

Onun ifadəsinə görə, arvadını bıçaqla qətlə yetirən zaman onun təxminən iki aylıq hamilə olduğunu bilib. 

O, arvadı və qızına çoxsaylı bıçaq xəsarətləri yetirsə də, həmin xəsarətlərin sayını xatırlamadığını söyləyib. 

İş üzrə zərərçəkmiş Gülsümün hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, Gülsüm onun böyük qızı olub, Gülsüm xaraktercə sakit və tərbiyəli, həm ailəsində, həm də ər evində hörmət qazanmış bir insan olub: 

“Mərhum qızım 2013-cü ildə Nurlan ilə ailə həyatı qurub. Nurlanla uzaq qohumluq münasibətlərimiz olub.  Bu evlilikdən 2014-cü ildə azyaşlı nəvəm Gülnarə dünyaya gəldi. Aramızda heç bir zaman söz-söhbət olmayıb. Nurlan ailəsinə daim diqqət və qayğı göstərib. Ailə qurduqdan sonra Nurlanın başında ağrılar olduğunu bildim. Lakin onun heç bir ruhi-əsəb xəstəliyi və ya ruhi-əsəb pozğunluğu olmayıb. Heç bir xəstəxanada ruhi-əsəb xəstəliyi ilə bağlı qeydiyyatda olmayıb. Nurlanı çox vaxt özüm xəstəxanaya apararaq gətirmişəm. Nurlanı Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışam, orada əsəb xəstəliyi ilə bağlı müalicə alıb”. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Nurlana ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunması istənilib. 

Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Aprellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Məhkəmə şikayəti təmin edib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. 

Məhkəmə Nurlanın barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edib. Onun cəzasını həbsxanada çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top