Azərbaycan xalqı tarixi Zəfərimizlə dünyaya yenidən gəlmiş oldu — ŞƏRH

GÜNDƏM 08 noyabr 2024, 15:33
Zəfər Günü Azərbaycan xalqının həmrəylik, qələbə, ədalətin təntənəsinin rəmzidir. Zəfər Günü, eyni zamanda, düşmənlərin belinin qırılmasının, cinayətkarların ədalət önünə çıxarılmasının simvoludur. Ona görə də Azərbaycan xalqı min bir məşəqqətlə, əziyyətlə bu günə doğru düz 30 il irəlilədi. Xalqımızın mübarizliyi, qətiyyəti, Müzəffər Ali Baş Komandanımızın uzaqgörənliyi, siyasi cəsarəti nəticə etibarilə bizə Zəfər Günü adlandırdığımız Qələbə tarixini bəxş etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Azərbaycan xalqının bu Zəfərə illərdir ehtiyac duyduğunu bildirən Milli Məclisin deputatı əlavə edib: “Qələbə Azərbaycana təkcə hərbi siyasi baxımdan lazım deyildi, həm də milli-mənəvi, milli-psixoloji yönümdən lazım idi. Çünki Azərbaycanın torpaqlarının işğal olunması təkcə torpaqlarımızın işğal olunması deyildi, həm də milli mənəviyyatımızın, mədəniyyətimizin, mədəni irsimizin işğal altına düşməsi hadisəsi idi. Ona görə də tarixi Qələbəmizin nə qədər beynəlxalq siyasi, hüquqi, hərbi əhəmiyyəti varsa, bir o qədər də mənəvi önəmi var. Bu Zəfər o qədər böyük bir zəfərdir ki, Azərbaycan xalqının 200 ildən sonra yenidən Zəfər çalmış bir xalq kimi milad etməsi formasında qiymətləndirilə bilər. Azərbaycan xalqı tarixi Zəfərimizlə yenidən dünyaya gəlmiş oldu, yenidən doğulmuş oldu. Bu isə Azərbaycan xalqının davranışlarında, mental keyfiyyətlərində belə ciddi dəyişiklik yaradacaq bir hadisəyə çevrildi”.

Hikmət Babaoğlu bildirib ki, Zəfər Günündən sonrakı Azərbaycan tarix səhnəsində və dövlətçilik tarixində tamamilə yeni Azərbaycandır: “Biz öz mövcudluğumuzun həm mənəvi baxımdan, həm xarakter baxımından, həm də milli-psixoloji baxımdan yeni bir mərhələsinə qədəm qoyduq. Bu isə müstəqil Azərbaycan dövlətinin həm regionda, həm də beynəlxalq münasibətlərdə tamamilə yeni statusda yerini və rolunu müəyyən edir. Nəticə etibarilə biz artıq gələcək Azərbaycanın qurulması üçün, böyük Azərbaycanın yaradılması üçün əldə etdiyimiz tarixi Zəfərlə çox möhkəm, fundamental təməllər yarada bilmişik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top