Gənc oğlan iş yoldaşını bıçaqladı

KRİMİNAL 07 noyabr 2024, 21:50
Fövqəladə Hallar Nazirliyinin Yardımlı rayon Dövlət Yanğından Mühafizə Xidmətində yanğınsöndürəni vəzifəsində işləmiş 1992-ci il Valeh iş yoldaşı Azada xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 3-də, saat 09:20-də Yardımlı şəhəri, H.Əliyev prospektinin Yardımlı rayon yanğından Mübarizə bölməsinin binasının qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yanğınsöndürən, daxili xidmət baş çavuşu Azada ov bıçağı ilə qəsdən bir zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Valehin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 
Daha sonra istintaq zamanı təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2, Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh özünü Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yardımlı rayonunda yanğınsöndürəni vəzifəsinə işləyir: “Zərərçəkmiş Azadda mənim işlədiyim idarədə baş yanğınsöndürən vəzifəsində çalışır. 2023-cü ilin dekabrında xidmət vaxtı şəxsi heyət üçün nəzərdə tutulmuş yataqxananın təmizlənməsi ilə bağlı Azadla aramızda mübahisə yaransa da, sonradan manqa komandiri İsaxan Heydərov və növbə rəisi Xəndam Muradov bizi sakitləşdirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin yanvarın 2-də Azad ilə eyni növbədə olan zaman Azad manqa komandiri İsaxan Heydərova “mən burada kimisə vuracam, heç kim məni ayırmasın, təzə gələn əməkdaşlara hörmət göstərəndə, adamın başına çıxırlar” deyib: “Səhər saatlarında növbəmizi təhvil-təslimi zamanı Azad sırada olan zaman yerimi dəyişərək ondan uzaqlaşdım. Mən iş yoldaşımdan yanğınsöndürənlər üçün nəzərdə tutulmuş geyimi geyinib-geyinmədiyini soruşdum. Bu vaxt Azad söhbətə müdaxilə edərək, sakit durmağımızı tələb etdi, üzərimə hücum çəkdi. İş yoldaşlarım mübahisəli vəziyyətin qarşısını almaq məqsədi ilə bizi ayırdı. Lakin Azad yenidən üzərimə hücum çəkdi. İş yoldaşlarımın səyi nəticəsində aramızdakı mübahisə yekunlaşdı və Azadı içəri apardılar. Növbə rəisi və iş yoldaşlarım mənə evə getməyimi bildirdilər. Mən də Daşqın İbayev və Cavidan Sarhatlı ilə hissənin darvazasından çıxaraq evə tərəf getdim. Həmin vaxt Azad arxamca qaçaraq gəldi və üzərimə hücum çəkdi. Qarşılıqlı mübahisə zamanı  formamın cibindən çıxartdığım bıçaq vasitəsi ilə Azada bir  dəfə zərbə vurdum. Azad hadisə yerində aldığı xəsarətlərdən sonra hissə rəisi Cabir Balaşovun xidməti maşını ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldı”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Azadın sözlərinə görə, Yardımlı rayon Dövlət Yanğından Mühafizə Xidmətində baş yanğınsöndürən vəzifəsində işləyir: “Təqsirləndirilən Valeh mənim işlədiyim idarədə yanğın söndürən vəzifəsində çalışır. Bizim aramızda hər hansı bir ədavət və ya düşmənçilik olmayıb. Lakin 2023-cü ilin dekabrında xidmət vaxtı öz iradlarımı Valehə bildirərkən aramızda mübahisə yarandı. Həmin vaxtdan ayrı-ayrı növbələrdə olmuşuq”. 

Zərərçəkmiş qeyd edib ki, 2024-cü ilin yanvarın 2-də onlar eyni növbəyə düşüblər: “Yanvarın 3-də səhər saatlarında növbələrin təhvil-təslim zamanı aramızda xırda mübahisə yarandı. Həmin təhvil-təslim zamanı hissə rəisi Cabir Balaşov sıra qarşısına çıxmadı. Valeh sırada olan zaman səs-küy saldı. Mən də Valehə bayram günü olduğu üçün evə tez getməyə görə sakit olmağını bildirdim və iş yoldaşlarımız bizi sakitləşdirdi. Mən böyük olduğum üçün Valehin iradlarımı niyə qəbul etməməsini mənə  pis təsir etdi. Bu səbəbdən Valehin arxasınca gedərək hissə ərazisindən çıxan zaman məsələni aydınlaşdırmaq istədim. Həmin vaxt aramızda mübahisə yarandı. Valeh gözləmədiyim halda mənə bıçaqla bir zərbə vurdu. Aldığım zərbənin təsirindən özümü itirdim. Daha sonra Cabir Balaşov öz cib dəsmalı ilə xəsarət aldığım yeri tutaraq qan axmanın qarşısını aldı və rəisin xidməti maşını ilə əməkdaşlar məni Yardımlı Rayon Mərkəzi Xəstəxanasına apardılar. Hazırda səhhəti normaldır, təqsirləndirilən şəxs ilə barışmışam. Valehi bağışlamışam”. 

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Valeh Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib. Ona aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top