Bakıda 32 yaşlı oğlan pul borcu üstündə tanışını bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 06 noyabr 2024, 14:01
Bakıda 1992-ci il təvəllüdlü İbrahim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Natiqə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, İbrahim tanışı Natiqə satdığı mobil telefon aparatı ilə bağlı qalmış 20 manat borcu almaq üçün qabaqcadan əldə etdikləri razılaşmaya əsasən 24 oktyabr 2023-cü ildə, saat 19:00-da onun yaşadığı ünvana gedib. 

O, yaşadığı evin qarşısında Natiqin heç bir səbəb və əsas gətirmədən nalayiq söyüşlərlə onu təhqir etməsinə görə üzərində gəzdirdiyi bıçaqla bir dəfə qəsdən bel nahiyəsindən vurub. 

Hadisəni törədən İbirahimin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Natiq onun qohumları ilə yaxın yerdə - üzbəüz yaşayırlar: 

“Qohumlarıma baş çəkdiyim vaxtlarda Natiq ona mobil telefon aparatı lazım olduğunu dedi. Mən də özümdəki “Redmi” markalı mobil telefon aparatını sata biləcəyimi bildirdim. Natiqin özünün başqa bir telefonu da olub. Amma əlavə bir telefon da almaq niyyətində olub. Həmin telefonu əvvəllər metronun “İnşaatçılar” stansiyası yaxınlığında yerləşən mağazalardan birindən 80 manata almışam. 

Hadisənin baş verdiyi gündən təxminən bir gün əvvəl özümə məxus bir ədəd “Redmi” markalı mobil telefon aparatını Natiqə 50 manata satdım. Natiq 50 manatdan 30 manatını verdi, yerdə qalan 20 manatı isə səhəri gün gələrək yaşadığı ünvandan götürə biləcəyimi dedi. Natiqin dediyi vaxtda pulu götürmək üçün tanışım olan taksi sürücüsü Fuaddan onun yaşadığı ünvana aparmasını xahiş etdim. Fuad məni Natiqin yaşadığı ünvana gətirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib kİ, daha sonra Natiqin yaşadığı evin qapısını döyüb və qapını Natiq özü açıb: 

“Natiq qapını açan kimi dayanmadan mənə nalayiq söyüşlər söyməyə başladı. Natiqə nalayiq söyüşlərə görə iradımı bildirdim və söyüş söyməməsini dedim. Amma Natiq özündə olmadı. Bu nalayiq söyüşlərə dözə bilməyərək cibimdə olan balaca cib bıçağını çıxararaq Natiqin bel nahiyəsindən bir dəfə vurdum. Sonra isə oradan getdim. 

Axşam saatları olduğundan ətrafda heç kim olmayıb. Mənim heç bir xuliqanlıq niyyətim olmayıb. Natiqi 20 manat borcunu vermədiyinə görə yox, nalayiq söyüşlərinə görə bıçaqlamışam. Həmin bıçaq balaca olduğuna görə ovcumda saxlamışam və sonradan onu müstəntiqə təhvil vermişam. Əməlimdən peşmanam. Həm də zərərçəkmiş şəxs ilə barışmışam”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Natiqin ifadəsinə görə, İbrahim ona 50 manata telefon satıb, telefonun pulunun 30 manatını ödəyib, yerdə qalan 20 manatı ödəmək üçün isə İbrahimə müəyyən bir vaxt deyib: 

“Həmin vaxt çatanda pulun qalan hissəsini ödəyəcəyimi bildirdim. İbrahimdən aldığım telefona nömrə taxmadım. Sadəcə oyun oynamaq üçün istifadə etmişəm. 24 oktyabr 2023-cü ildə dediyim vaxtda telefonun qalan pulunu götürmək üçün İbrahim anam ilə birlikdə yaşadığım evə gəldi. 

Qapını döyərək məni çölə çağırdı. Qapını açaraq bayıra çıxdım. İbrahim tək olub. Həmin vaxt qəbul etdiyim narkotik vasitənin təsiri altında və əsəbi olduğum üçün qapıma gəlmiş İbrahimə kobud cavab verdim. Onun ünvanına nalayiq söyüşlər işlətdim. İşlətdiyim söyüşlərə görə aramızda mübahisə yarandı və etdiyim nalayiq söyüşlərə görə İbrahim mənə bir bıçaq zərbəsi vurdu. Əgər İbrahimə söyüş söyməsəydim, İbrahim məni vurmazdı. Hazırda İbrahimlə aramızda heç bir problem yoxdur, onunla barışmışam. Ona d heç bir tələb və şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə İbrahim 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top