Narkoloji Dispanserdə bıçaqlaşma — TƏFƏRRÜAT

KRİMİNAL 14 oktyabr 2024, 15:30
Səhiyyə Nazirliyi '‘Respublika Narkoloji Mərkəzi”nin ixtisaslaşdırılmış şöbəsinin yeməkxanasında 1986-cı il təvəllüdlü Seymur orada müalicə alan Əzizə xəsarət yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində baş verib. Seymur məhkəmə qərarına əsasən məcburi qaydada müalicə aldığı Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Səhiyyə Nazirliyi “‘Respublika Narkoloji Mərkəzi”nin ixtisaslaşdırılmış şöbəsinin yeməkxanasında, onunla birgə məcburi müalicəyə cəlb edilmiş Əzizin ünvansız nalayiq ifadələr işlətməsini əsas gətirib. O, mətbəxlə yeməkxananın arasında olan nəfəsliyin mətbəx tərəfdən altındakı masanın üzərindən mətbəx bıçağını götürərək Əzizin sağ bud və qarın nahiyələrindən qəsdən vurub. 

Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, narkolojidə müalicə alarkən orada müalicə alan Əzizlə aralarında anlaşmazlıq və söyüş olub: “Yeməkxanadan keçən zaman bir-birimizə toxunduq. Mətbəx bıçağı ilə onu bıçaqlayaraq 1 dəfə xəsarət yetirdim. Mətbəx bıçağını pəncərədə qoyulduğu yerdən götürdüm. Niyyətim onu vurmaq olmayıb, qorxutmaq istəyirdim. Əzizin sağ tərəfdən qarnına vurdum. Əziz ayağı dolaşaraq yerə yıxıldı. Həmin vaxt arxadan onlara yaxınlaşan müalicə alan şəxslər araya girdi. Mən dərhal bıçağı əlimdən buraxdım. Həmin vaxt Əziz ayaq üstə qalxaraq nəslimə söysə də, Əzizə əhəmiyyət vermədim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əzizin sözlərinə görə, təqsirləndirilən Seymuru müalicə müəssisəsinə yerləşdirildikdən sonra tanıyıb, ədavətləri və ya düşmənçilikləri olmayıb: “Orada olarkən aramızda mübahisə oldu. Seymur mənə, mən də Seymura söyüş söydüm. Seymur sağ əlində olan bıçaqla 1 dəfə sağ tərəfdən qarnıma vurdu. Seymur sol əlini boynuma keçirdiyindən ayağım dolaşaraq yerə yıxıldım. Həmin vaxt arxadan bizə yaxınlaşan müalicə alan şəxslər Seymuru arxadan qucaqlayaraq aramıza girdilər. Seymurun məni təkrar bıçaqla vurmaq imkanı olsa da, məni vurmadı. Mən ayağa qalxaraq öz palatama  getdim. Palatada olarkən gördüm ki, qarnımdan qan axır. Anlaqsız vəziyyətdə əməli törətmiş Əzizlə barışmışam. Ona qarşı hər hansı şikayət və ya tələbim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilib. 

Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq Seymurun barəsində ümumi tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınıb. Qərar qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top