Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”

İQTİSADİYYAT 19 okt 2019, 10:15

“Əks halda prezidentin sərt xarakteri onların üzərində özünü göstərəcək”


Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Prezidenti İlham Əliyev çıxışında iqtidarda olan bəzilərinin ölkədə aparılan islahatlara qarşı çıxdıqlarını bəyan edib. Prezident qeyd edib ki, həmin şəxslər ona görə islahatlara qarşı çıxış edirlər ki, bu, onların şəxsi maraqlarına toxunur.

 

Ölkə başçısı bildirib ki, onlar hər işə əngəl törətmək istəyirlər, islahatlara meylli, yeni təfəkkürə malik olan kadrları qaralayırlar-o cümlədən mətbuatda: “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Bu, dözülməzdir ki, hökumət üzvləri, bir hökumət üzvləri digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, prezident onlara tapşırıb, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.

 

Ölkə rəhbərinin hakimiyyət komandasında islahatlara maneə yaradanların olması barədə fikirləri geniş ictimai müzakirələrə səbəb olub. Əksəriyyət belə hesab edir ki, prezidentin bu cür açıqlamalar verməsi yaxın zamanlarda bir sıra qurumların rəhbərləri barədə ciddi addımların atılacağının anonsudur.

 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkə rəhbərinin yanında keçirilən iqtisadi-sosial müşavirəni oktyabr ayı üzərinə köklənmiş Soçidə “Valday” Diskussiya klubunda prezident İlham Əliyevin məlum çıxışının yaratdığı ictimai effektlə eyni ahəngdə, eyni paraleldə qəbul etməyi məqbul hesab edir: “Çünki siyasi yükünə, verilən mesajların əhatə dairəsinə, dəqiq hədəflərə yönəlməsinə və islahatlar kursunun alternativsizliyini əlahiddə vurğulamasına, vətəndaşları bu prosesdə iştirak etməyə çağırmasına, həmçinin də problemli nöqtələri çox açıq şəkildə ictimai fikrə çıxardığına görə bu müşavirə bir qədər obrazlı şəkildə belə qiymətləndirilməlidir. İkinci məsələ, prezident ümumən buradakı formatı seçərkən də oradakı müzakirələrin stilində yeni addımlar atdığını sübuta yetirdi. Əlbəttə ki, hər bir məsələ ilə bağlı ölkə rəhbərinə məruzələr edilir, bunlar şifahi qaydada baş verir, yazılı təhlillər və hesabatlar da verilir. Lakin o biri yandan biz indiki halda buna şahidik ki, prezident real suallar qoyur, konkret tələblər irəli sürür və hökumət üzvlərindən də bu məsələlərə münasibəti sorğu edir. Daha yığcam, daha mobil bir formatda toplantılarda məsələlər konkret qoyulur”.

 

Z.Oruc hesab edir ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu müşavirədə iştirakı da ayrıca qeyd olunmalıdır: “Bütün hallarda cəmiyyət qarşısında, ictimai nəzərlərin müşayiət etdiyi formada humanitar, mədəni səfərlər, əlaqələrin qurulmasında Mehriban Əliyeva iştirak edirsə, o biri yandan bir sıra hallarda Azərbaycanın nəqliyyat infrastrukturu, yaxud da ki, mədəniyyət sahəsi, bank sektoru, digər iqtisadi problemlərlə, məcburi köçkünlərlə bağlı məsələlərə də birinci vitse-prezident qatlaşmış olur, orada problemlərin çözülməsinə cəhdlər göstərir. Belə olan təqdirdə çox məntiqlidir ki, bu xarakterli müşavirələrdə onun yüksək səviyyədə iştirakı təmin edilir”.

 

STM sədrinin sözlərinə görə, məsələnin daha bir ciddi önəmli tərəfi prezidentin idarəçilik məsələlərinə yeni inqilabi münasibətini növbəti dəfə sərt bir şəkildə dilə gətirməsi idi: “Biz bunu əvvəlki siyasətin davamı, xüsusilə də 2019-cu ilin 12 yanvar müşavirəsində irəliyə sürülmüş konseptoloji baxışların növbəti bir nümayişidir. Heç zaman bu qədər dərin, struktural, əhatəli, miqyaslı və hədəfli xarakter daşımamışdı. Biz başa düşməliyik ki, devalvasiyanın vurduğu ziyanları ortadan qaldırmadan, istər iqtisadi, istər humanitar, istər mədəni, istər hüquqi sahədə hər hansı bir addımları atsan belə uğurlu nəticələr ala bilməzsən. Çünki islahatlara mane olunacaqsa, millətin maraqlarına xidmət edən ən xoş məramlı işlər də yarımçıq qala bilər. Dünyanın tarixi təcrübəsi, ayrı-ayrı dövlətlərin islahatlar təcrübəsi bunu bizə deyir. Amma bu gün prezident ilk növbədə sosial fundamenti möhkəmləndirərək daha ali mənada iqtisadi bank sektoru və siyasi və hüquq məkanında dəyişiklikləri etmək qərarındadır və əzmindədir. İslahatlara mane olanlar, təşəbbüskar meyllərə, mövqelərə qarşı gedənlər, hətta bunu media vasitəsilə ifadə edənlər məsələsinə gəlincə, mənə elə gəlir ki, məsələni şəxsiləşdirmək prezidentin bu məsələyə baxışını tam miqyası ilə görməyə imkan verməyə bilər. Bu mənada deyirəm ki, onsuz da 2015-ci ildən bu yana hökumətin tərkibində xeyli adlar dəyişib. Hökumətin tərkibinin 70 faizdən yuxarı dəyişməsi baş verib. Həm də ən önəmlisi keyfiyyət müstəvisində olan yenilənmələrdir. Baxın, İlham Əliyev qeyd etdi ki, vergi sektorunda aparılacaq islahatların müsbət effekt verməyəcəyi barədə qənaətlər var idi, amma əksi baş verdi. İkincisi, islahatlar komandada vahidliyi birliyi, həmrəyliyi tələb edir. Əgər kimsə bu proseslə ayaqlaşa bilmirsə o çox rahatlıqla əgər ölkənin keçmiş həyatında yer tutubsa özü bu prosesdən kənar dura bilər. Mən çox yaxşı xatırlayıram ki, parlamentdə vaxtı ilə səs-küylü bir bəyanat verən nazirin digər struktura fəaliyyəti ilə əlaqədar təftişedici mövqeyinin qarşısında İlham Əliyev müşavirələrinin birində söyləmişdi ki, kim siyasətlə məşğul olmaq istəyirsə bunu ayrıca həyata keçirə bilər, ondan ötrü vəzifəsindən getməlidir. Bu gün hökumət içərisində vahidlik bütün əvvəlki illərdəkindən daha çox tələb olunur. Ona görə ki, prezident ölkənin yeniləşməsində maraqlıdır, bu yeni kurs Azərbaycan insanının mənafelərinə tamamilə cavab verir. Prezident yeni kursun dəqiq prinsiplərini söyləmiş oldu. Şəffaflıq Azərbaycanın siması olmalıdır, yeni kadrlar vətənpərvər, intellektual, islahatçılıq keyfiyyətlərini özündə daşıyan yeni baxışlara uyğun olan insanlar olmalıdır. Ona görə də dəyişikliklər təbii ki, qaçılmazdır”.

 

Z.Oruc onu da dedi ki, dövlət rəhbərinin açıqlamalarını iqtidarda hansısa parçalanmanın, xüsusi qruplaşmanın olması kimi, yaxud da prezidentin iradəsinə qarşı gedənlər varmış kimi qəbul etmək, təqdim etmək çox yanlışdır: “Biz ölkənin həyatındakı dinamikanı dəyərləndirməliyik. Prezident gündəliyə vətəndaş maraqlarına uyğun fəaliyyət aparan məmur obrazları, komandadakı birlik, onun kimi insanlara açıq olmaq, dürüstlük, etibarlılıq, məsuliyyətlilik, hesabatlılıq və sair kimi son dərəcə mühüm olan keyfiyyətləri elan edir. Kim bu siyasətə uyğun davranmış olacaqsa, o adamlar da çalışmalarına davam edəcəklər. Əks halda mənə elə gəlir ki, prezidentin sərt xarakteri onların üzərində özünü göstərəcək”. (Moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noy 2020, 16:56
Top