"Rusiyanın Gürcüstana etimadı çoxdan “ölüb”, bunu bərpa etmək..." — Tbilisi balanslı siyasəti bacaracaqmı?

REGİON 11 oktyabr 2024, 16:22
“Bu gün Gürcüstanda baş verən hadisələr Qərbin Tbilisyə etinasızlığı və ona qarşı diqqətsizliyi ilə bağlıdır. Gürcüstan 2008-ci ildən, yəni Saakaşvili hakimiyyətindən sonra Qərbə inteqrasiya prosesini sürətləndirdi. Əslində, bunun təməlində Saakaşvili hökuməti dayansa da, Gürcüstan dövləti və buradakı elita onu tam olaraq başa düşmədi və bir çox məsələdə günahkar çıxardı. Hazırkı hakimiyyətin sualları aydındır, onlar deyir ki, biz Qərbə inteqrasiya etmək istəyirik, amma Qərb bunun müqabilində bizə dəqiq nələrsə verməlidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayevin fikrincə, Qərb hər regionda eyni cür siyasət apara bilməyəcəyini anlamalıdır:

“Konkretləşdirsək, Gürcüstan hakimiyyəti deyir ki, bizi Avropa İttifaqına, NATO-ya üzv qəbul etsəniz, Rusiya ilə münasibətləri kəsər, demokratik islahatları davam etdirərik. Amma bu baş vermir, əvəzində Gürcüstanın Osetiya və Abxaziya bölgələrdə separatçılıq fəaliyyətləri davam edir, Rusiya ölkəyə müdaxilə edir və ən önəmlisi Avropa onu narazı salan məsələlərdə ölkədəki təsir mərkəzlərindən – insan haqları təşkilatları vasitəsilə təzyiqlər etməyə başlayır”. 

Politoloqun sözlərinə görə, Gürcüstanın Aİ və NATO-ya üzv qəbul edilməsi mümkünsüz görünür:

“Kobaxizde qeyd etdi ki, biz qəbul etdiyimiz bütün qanunlardan geri çəkilə bilərik, amma bunun üçün Qərb Gürcüstanla münasibətləri bir yol xəritəsinə salmalı və Gürcüstanı Aİ-yə qəbul etməlidir. Əgər Qərb Gürcüstanla dialoq qura bilməsə, proseslər qarşısı alına bilməyən bir hal alacaq. 2008-ci ildən sonra ilk dəfə Gürcüstan Rusiya ilə münasibətləri qaydasına salmağa çalışacaq. Gürcüstan Azərbaycanın etdiyi kimi Qərblə Rusiya arasında balanslı siyasət yeritmək, bununla münaqişəyə son qoymaq, ərazi bütövlüyünü bərpa etmək istəyir. Bunu bacarıb-bacarmayacağını isə zaman göstərəcək. Rusiyanın Gürcüstana etimadı çoxdan “ölüb”, bunu bərpa etmək asan olmayacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top