"WhatsApp"a suni intellekt funksiyaları gəlir

SOSİAL MEDİA 28 sentyabr 2024, 20:47
"Meta" şirkəti bir neçə gün əvvəl keçirilən "Meta Connect" tədbirində "WhatsApp" üçün bir sıra süni intellekt (AI) yeniliklərini təqdim etdi. Bu yeniliklər arasında real vaxtda səsli ünsiyyət, məşhur səsləri və şəkil redaktə xüsusiyyətləri yer alıb.

Demokrat.az Metbuat.az-a istinadən xəbər verir ki, ən mühüm yeniliklərdən biri "WhatsApp"a "Meta AI"nin səs rejiminin əlavə olunmasıdır.

Bu xüsusiyyət istifadəçilərə "ChatGPT"yə bənzər süni intellektlə real vaxtda səsli söhbət etməyə imkan verir. Səs rejimi bir müddət əvvəl "WhatsApp"ın beta versiyasında aşkarlanmışdı, indi isə rəsmi olaraq istifadəçilərə təqdim edilib.

"Meta" real vaxt söhbətlərindən əlavə, süni intellektə yaxın zamanda müxtəlif məşhur səslərinin də əlavə olunacağını açıqlayıb. Bu səslər arasında Awkwafina, Dame Judi Dench, John Cena, Keegan Michael Key və Kristen Bell kimi tanınmış şəxslərin səsləri var. İstifadəçilər dalğa düyməsinə toxunaraq və "chatbot"a suallar verərək "Meta AI" ilə ünsiyyət qura bilərlər.

"WhatsApp"dakı "Meta AI" şəkilləri analiz edə və əlaqəli suallara cavab verə bilər. Məsələn, istifadəçilər yeməyin şəklini "chatbot"a göndərərək ətraflı bişirmə təlimatları tələb edə bilərlər. Həmçinin "chatbot"dan şəkilləri redaktə etməsini, lazımsız obyektləri çıxarmasını və ya hansısa əşyanın fonunu və ya rəngini dəyişdirməsini istəyə bilərlər.

Yeni xüsusiyyətlər "Meta"nın son Llama 3.2 modelindən güc alır. Bu model görüntüdən məlumat çıxararaq səhnəni anlaylr, sonra isə bu məlumatı bir və ya iki cümləlik başlıq kimi istifadə edərək vizual və dil arasındakı boşluğu doldurur.

"Meta"ya görə, Llama 3.2, görüntü tanıma və müxtəlif vizual anlayış tapşırıqlarında "ChatGPT" və "Claude"un oxşar məhsulları ilə rəqabət apara bilir. "WhatsApp"dan fərqli olaraq "Meta AI" həm də "Instagram"da istifadə oluna bilir. Fotoşəkli "Instagram" hekayələrinə paylaşıldıqda AI texnologiyası həmin fotonu analiz edərək hekayə üçün uyğun fon yarada bilər.

Şirkət həmçinin "Facebook" və "Instagram Reels" üçün avtomatik dublyaj və dodaq sinxronizasiyasını əhatə edən tərcümə alətlərini sınaqdan keçirir. Bu sınaqlar ilk mərhələdə ingilis və ispan dillərində kiçik qruplar üzərində aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top