Geomaqnit qasırğası davam edir — Bu şəxslər diqqətli davranmalıdırlar

GÜNDƏM 17 sentyabr 2024, 21:28
Geomaqnit qasırğası ilə bağlı elan edilən xəbərdarlıq təsdiqini tapdı və sentyabrın 17-də güclü geomaqnit qasırğası maksimum həddə müşahidə edildi. Bu barədə öncədən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat verib. Məlumatda qeyd edilib ki, Günəşdə aktiv və sakit dövr təxminən 11 ildən bir əvəzlənir. Hazırda Günəş 11 illik aktivliyinin maksimumuna yaxın olduğundan tez-tez geomaqnit qasırğaları baş verir. Son bir həftədə Günəşin fəallığı yenidən artıb və sonuncu dəfə X4.5 sinifli alışma baş verib. Sentyabrın 14-də 3825 nömrəli regionda baş vermiş alışma Tac kütlənin atılması (Plazma atılması) ilə müşayiət olunub. Plazma atılmasının təsiri isə Yerə adətən 2-3 günə çatır. Əvvəlki günlərdə də oxşar proseslər baş verdiyindən onların təsiri dünəndən geomaqnit qasırğası səviyyəsində gözlənilirdi. G3 səviyyəli (güclü) geomaqnit qasırğası proqnozlaşdırılsa da, bu gün – sentyabrın 17-si sutkanın ilk saatlarından qasırğanın gücü artıb və yerli vaxtla 07:00-da G4 səviyyəsi (şiddətli qasırğa) qeydə alınıb. Hazırda geomaqnit qasırğası davam edir. Geomaqnit qasırğası Şimal en dairələrində qütb parıltılarının görünməsinə də səbəb olub. 

Geomaqint qasırğasından təsirlənən insanlar çoxdur. Lakin insanların bir çoxu səhhətlərində yaranan bəzi problemlərin məhz geomaqnit qasırğası ilə əlaqəli olduğunu bilmir. Bu cür təbiət hadisələrinin əvəvlcədən elan edilməsi insanların öz sağlamlıqlarına qarşı daha diqqətli olmalarını təmin edir.

Geomaqnit qasırğasının insanlarda hansı neqativ hallar yarada biləcəyi barədə Demokrat.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd edib ki, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, təzyiq problemi, xroniki xəstəlikləri olanlar, yaşlı insanlar geomaqnit qasırğası zamanı ehtiyatlı davranmalıdır: 

- Ən birinci tövsiyə geomaqnit qasırğası olacağı barədə elan edildikdə açıq havaya çıxmaqdan çəkinməkdir. Sadaladığım sağlamlıq problemləri olanlar açıq havada olmaqdan çəkinməli, ev şəratində qalmağa çalışmalıdır. Geomaqnit qasırğası adi gözlə görünəcək bir hal deyil, amma səhhətində müəyyən problemləri olanlara pis təsir edə bilər. Açıq havada bu təsir daha da güclü olur. Çünki birbaşa hava ilə təmasda olur insan. Belə insanlara meteohəssas insanlar deyilir. Çünki onların orqanizmi havadan gələn bəzi təsirlərə qarşı həssasdır. Meteohəssas insanlar kəskin temperatur dəyişmələrinə, elektromaqnit dalğalarına, atmosfer təzyiqinin, havada rütubətliliyin aşağı-yuxarı olmasına digər insanlardan daha həssas və ilk növbədə reaksiya verir. Hətta bu insanları məcazi mənada “Təbiətin barometrləri” də adlandırırlar. Çünki həmin insanlar maqnit dalğaları gəlməmişdən öncə hiss edirlər. Hətta bəzilərinin təzyiqi qalxır, oynaq, dayaq sistemində problem yaşayanlarda ağrılar baş qaldırır. Revmatizm xəstəliyi olanlar da belədir. Havada rütubət artdıqca oynaq ağrıları çoxalır. Geomaqnit qasırğası elm adamlarının dediyi kimi Günəşdə plazmanın atılması prosesidir və bu Yer kürəsinə maqnit qasırğası şəklində gəlib çatır. Bəzən zəif, bəzənsə güclü. Havada ağırlıq yaranır,  bu da sağlıq problemi olanlara mənfi təsir edir. Ona görə meteohəssas insanlara açıq havaya çıxmamaq, harasa getmək zərurəti yaranıbsa kölgədə hərəkət etməyə çalışmaq və həkimin təyin etdiyi dərman peparatlarını qəbul etmək tövsiyə olunur. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top