"Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri ilə bağlı QƏRAR

KRİMİNAL 12 sentyabr 2024, 10:14
Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri Məmmədov Qurban Məmməd oğlunun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası və 5 000 manat məbləğində cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə cinayət işinə həmin hissədə ayrıca qərarla xitam verilməsi nəzərə alınıb. Qurban Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.

İttihama görə, Qurban Məmmədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq edib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik edib, hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlayıb.

Belə ki, o, Bakı şəhər sakini olan tanışı, zərərçəkmiş M.M.-nin (şərti) hər hansı hüquqmüəyyənedici sənədi olmayan paytaxtın Xətai rayonu, Gəncə prospekti 23 B ünvanında yerləşən 0,04 ha ölçüdə torpaq sahəsinin zərərçəkmiş şəxsin adına sənədləşdirilməsinə köməklik göstərməsinə dair dələduzluq edib.

Məhkəmədə zərərçəkmiş şəxs ifadəsində göstərib ki, 2020-ci ilin əvvəllərində o, fərdi yaşayış evi inşa etmək məqsədilə torpaq almaq qərarına gəlib və bu barədə qardaşı ilə məsləhətləşib. Qardaşına torpaq sahəsi alınması məqsədilə 97 000 manat məbləğində pul verib. Qardaşı da həmin pulu təqsirləndirilən şəxs verib. O, Qurban Məmmədovu tanımadığını söyləyib. Təqsirləndirilən şəxs 97 000 manat pulun 52 000 manatını hissə-hissə olmaqla 2 dəfəyə qaytarıb. Zərərçəkmiş hazırda 45 000 manat pulun qaytarılmalı olduğunu söyləyib.

Qeyd: Mediada daha əvvəl yayılan məlumata görə, özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələri ilə məhkum olunmuş 1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.

Bununla əlaqədar 2022-ci il fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Qurban Məmmədova xəbərdarlıq edilib. Lakin, bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Qurban Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər.

Araşdırma zamanı Qurban Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top