Bakıda gənc oğlan “Tiktok”da yazdığı şərhə görə bıçaqlandı

HADİSƏ 06 sentyabr 2024, 14:59
Bakının Xətai rayonunda 2004-cü il təvəllüdlü Əmrah şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Ömərə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əmrah Ömər ilə “Tiktok” sosial şəbəkəsində sonuncunun tanışının videosu altına yazdığı şərhə onun yazılı rəy bildirməsinə görə, aralarında həmin şəbəkədə yaranmış mübahisəyə aydınlıq gətirilməsi üçün razılaşaraq, həmin gün saat 13:00-da 261 nömrəli tam orta məktəbin həyətində görüşüblər. Bu zaman orada Əmrah 1 dəfə bıçaqla Ömərin döş qəfəsindən vurub . 

Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmrah ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, işdə olduğu zaman “Tik-ok” sosial şəbəkəsində yazılan şərhə cavab verib: “Bununla bağlı Ömər məni görüşə çağırdı. Mən də Ömərlə onun dediyi yerə getdim. Ömərlə görüşdə  üzərimə gəldi. Buna görə də qorxaraq onu bıçaqla vurdum. Mən bu əməlimdən çox peşmanam. Hadisədən sonra Ömərlə barışmışam. Ona vurulmuş ziyanı ödəmişəm. Bu səbəbdən də Ömərin mənə qarşı heç bir şikayətim yoxdur”.

Təqsirləndirilən şəxs bildirib ki, “Tiktok” sosial şəbəkəsində şərhdə Ömər “sən burada olmamısan” yazıb: “Mən də Ömərə cavab olaraq yazdım ki, bəs sən necə, burada olmusan?. Bundan sonra Ömər məni görüşə çağırdı. Görüşməyi və görüş yerini Ömər özü mənə təklif etdi. Görüş zamanı üzərimə gəldi və üzərimə gələrkən əlini gödəkcəsinin cibinə atdı. Buna görə də düşündüm ki, Ömər bıçaq çıxararaq məni vuracaq. Mən də bundan ehtiyat edərək Ömərə bıçaqla xəsarət yetirdim. Hadisə yerində məndən və Ömərdən başqa heç kəs olmayıb”. 

Əmrah bildirib ki, hadisədən əvvəl Ömər ona qarşı xoşagəlməz ifadələr işlədib: “Ömər məndən güclü olduğuna görə düşündüm ki, Ömər məni vuracaq, bu səbəbdən də özümü qorumaq məqsədi ilə özüm Öməri bıçaqla vurmuşam. Hadisədən bir gün sonra özüm polis bölməsinə gedərək təslim oldum. Sonra məni Xətai Rayon Polis İdarəsinə apardılar”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ömərin sözlərinə görə, hadisə baş verməmişdən əvvəl “Tiktok” sosial şəbəkəsinə daxil olub və orada tanımadığı bir şəxsin səhifəsində şərh yazıb, yəni öz fikrini bildirib: “Mən əvvəlcə “Tiktok” sosial şəbəkəsində axtarış hissəsinə “Əhmədlidə ən təhlükəli yerlər yazaraq” axtarış verdim. Bu zaman qarşıma bir video çıxdı. Sonra həmin videonun altına şərh yazaraq “bu yeri hər adam görməmişdir, bura təhlükəli yerdir” kimi fikrimi bildirdim. Əmrah həmin şərhin yazılmasından xoşu gəlmədi. Əmrah yazdığım şərhin altından “heç sən özün də bu yeri görməmisən” deyə bir şərh yazdı. Yəni Əmrah mənim də həmin yeri görmədiyimi bildirdi. Mən isə Əmraha cavab yazaraq dedim ki, həmin yeri görmüşəm, gəl görüşək həmin yerin necə bir yer olduğunu, həmin yerdə olub-olmadığımı sənə izah edim. Hesab edirəm ki, özümdən asılı olmadan onunla bir qədər aqressiv danışdım. Yəqin ki, Əmraha qarşı aqressiyanı məhz o, yaradıb”. 

Ömər qeyd edib ki, daha sonra o, Əmrahı görüşmək üçün məktəbin yanına çağırıb: “Əmraha dedim ki, bizim evin yanına gəl. Əmrah da mənə Əhmədlidə olduğunu bildirdi və məni metronun yanına çağırdı. Mən də Əmraha parka tərəf, yəni məktəbin həyətinə gəlməsini dedim. Məktəbin həyətinə çatdıqdan bir dəqiqə sonra Əmrah həmin məktəbin həyətinə gəldi. Əmrah məktəbin həyətinə gəldikdən sonra Əmrahı vurmaq istədim. Yəni Əmrahla dalaşmaq istədim. Əmrah da bu zaman mənə bıçaqla zərbə vurdu”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əmrah 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top