Bakıda qız itkin düşdü, qardaşı əmisini bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 18 iyul 2024, 15:18
Bakının Xəzər rayonunda 1992-ci il təvəllüdlü Elnur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əmisi Teymura (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə,hadisə ötən ilin martın 5-də, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda baş verib. Elnur həmin gün saat 23:30-da həmin ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə gəlib və bacısı Nargilənin itkin düşməsi ilə bağlı əvvəllər aralarında yaranan narazılıqlar əsasında həmin ünvanda yaşayan qohumu Teymuru evindən çağırıb. O, əlində olan bıçaqla bir dəfə əmisinin qarnının ön divarının sağ yarısından vurub. 

Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisədən əvvəl onun bacısı Nargilə evdən itkin düşüb: “Biz də bacım Nargilənin itkin düşməsi ilə əlaqədar tapılması üçün televizyada yayımlanan proqrama müraciət etdik. Təxminən 5 gün sonra yolda əmim Teymuru  gördüm. Həmin vaxt əmim bacım Nargilənin televiziya proqramına çıxdığı üçün kiminsə bacıma “ilişib-ilişmədiyini” soruşdu. Mən də bu sözləri başa düşmədiyimi, nəyə görə belə sual verdiyini əmimdən soruşdum. Lakin sonra əmim söhbəti dəyişdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bunun üzərindən bir müddət keçsə də, əmisi Teymur hər dəfə onu görəndə bacısının itkin düşməsi, televizyaya çıxnması məsələsi ilə bağlı ona söz atıb: “Mən də dözməyərək bir gün axşam saatlarında əmimin yaşadığı evə getdim. Orada əmimi bıçaqladım. Bundan sonra 3-cü polis bölməsinə könüllü gedərək təslim oldum. Mən törətmiş olduğum əməldən peşmanam. Əmim ilə dəfələrlə barışmaq istəsəm də, mənimlə barışmayıb”. 

İş üzrə zərərçəkmiş Teymurun sözlərinə görə, Elnurun bacısı Nargilə evdən gizlin şəkildə gedib: “Qardaşım Şirvan səhər tezdən yaşadığım evə gələrək qızı Nargilənin itdiyini bildirdi. Mən də Şirvana nəyə görə qızı Nargilənin evi tərk etdiyini bilib-bilmədiyini soruşdu. Hətta qardaşımdan qızını döyüb-döymədiyini də soruşdum. Qardaşım da mənə qızını döymədiyini bildirdi. Bundan sonra işdən geri qayıdan zaman qardaşımgilə getdim. Həmin vaxt qardaşımın həyat yoldaşı Sevildən Nargilənin tapılıb-tapılmadığını soruşdum. Sevildə Nargilənin evdə yatdığını bildirdi. Mən də rahatlaşdığım üçün özümün yaşadığım evə getdim”. 

Zərərçəkmiş qeyd edib ki, bir müddət keçdikdən sonra ona məxsus mikro avtobus yandırılıb: “Mən Elnuru yolda görən zaman maşınımın yandırıldığını, daha doğrusu ona “siz tərəfdən kiminsə maşınımı yandırıldığını bilirəm” dedim. Elnur isə mənə özünə məxsus maşının da yandığını bildirdi. Mən də heç nə demədən öz işimin arxasınca getdim”.

Teymur bildirib ki, təxminən fevral ayında günorta yeməyini yemək üçün yaşadığı evə gəlib: “Həmin vaxt Elnur yaşadığım evə gələrək evinin olmadığını bildirdi, məndən 2-3 sot torpaq sahəsi verməyimi istədi. Mən də Elnura nəyə görə indi torpaq sahəsi istədiyini, eləcə də bir neçə il bundan əvvəl istəmədiyini soruşdum. Çünki hal-hazırda mən torpaq sahələrini əkin sahəsi edərək həmin torpaqlardan gəlir əldə edirəm. Lakin yenə də Elnura bildirdim ki, lazım gələrsə, ona torpaq sahəsi üçün köməklik edəcəm. Həmin vaxt həyat yoldaşım yanıma gələrək Elnuru biraz acıladı. Elnur isə “yaxşı, baxarıq” deyərək yaşadığım evi tərk etdi”. 

Teymurun ifadəsinə görə, qısa müddət keçdikdən sonra, təxminən gecəyarısı onun yaşadığı evin qapısı döyülüb: “Həmin vaxt hər kəs yatmışdı. Mən qapıya yaxınlaşaraq qapını kimin döydüyünü soruşdum. Lakin heç bir cavab gəlmədi. Mən yenə də qapını açdım, qapını açan zaman Elnurun əlində böyük ölçüdə bıçaq olduğunu gördüm. Bundan sonra Elnur ağciyər nahiyəmdən bıçaqladı. Mənim yaşadığım evin həyətində özümə məxsus maşınım olub. Elnur məni bıçaqladıqdan sonra həmin maşının ətrafında dövr etməyə başladıq. Həmin vaxt Elnur mənim  mikro avtobusumu da yandırdığını bildirdi. Elnur bununla sakitləşməyərək ünvanıma nalayiq ifadələr işlətdi. Əslində mən bıçaq xəsarəti alsam da, özümdə olduğum üçün hətta Elnura güc də tətbiq etmək iqtidarında olmuşam. Lakin biz biraz maşının ətrafında dövr etdikdən sonra Elnur getdi”. 

Zərərçəkmiş şəxs ifadəsində onu da göstərib ki, təqsirləndirilən şəxslə barışmayıb, ona vurulmuş ziyan ödənilməyib. O, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olduğunu deyib. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elnur 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top