“İran ilk növbədə hüquqi dövlətə çevrilməlidir” — Qərbin gözləntiləri var

REGİON 18 iyul 2024, 12:06
İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni bildirib ki, Tehran Qərblə münasibətləri bərpa etməyə hazırdır. “TASS”ın xəbərinə görə Baqeri bu fikirləri “Newsweek” jurnalına müsahibəsində açıqlayıb. İran əlaqələrin yaxşılaşdırılması üçün növbəti addımı Qərbin atmasını gözləyir: “Növbə qarşı tərəfin qarşılıqlı fəaliyyətə başlaması və münasibətlərdə yeni səhifə açmaq üçün səmimi niyyətlərini sübut etməsidir”, - deyə o qeyd edib. 

İranlı siyasətçinin açıqlamasını Demokrat.az-a şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, Qərb İrandan nüvənin zənginləşdirilməsinin dayandırılmasını tələb edir:

“Çünki İranda nüvə silahı əldə etmək üçün zənginləşdirilmiş uran mövcuddur. Nüvə silahı təkcə Qərb üçün deyil, bütün dünya üçün təhlükə mənbəyidir. İran Qərbin qarşı olduğu Rusiyanın və Şimali Koreyanın yanında dayanıb, eyni zamanda ABŞ-nin Yaxın Şərqdə müttəfiqi olan İsrailə qarşıdır. HƏMAS-ı dəstəkləyən də bu gün İrandır. İranın verdiyi silahlarla HƏMAS və digər proksi qüvvələr bu gün İsrailə qarşı savaşı davam etdirirlər. Buna görə də İranla münasibətlərdə müəyyən gərginliklər davam edir”.

Siyasi şərhçinin fikrincə,İranın Qərbdən müəyyən gözləntiləri var, yeni prezidentin seçilməsindən sonra bu gözləntilər daha da artıb:

“İranın xarici siyasətdə yeni prioritetləri formalaşır. İran diplomatik münasibətlərdə yeni səhifə açmaq istəyir. Bu da doğru siyasətdir, çünki düşmənçilik İrana heç nə qazandırmır, əhali ağır iqtisadi sanksiyalardan əziyyət çəkir. Dünya ölkələri ilə dost münasibətlər qurmaq üçün İran öz daxilindəki müharibəni sona çatdırmalıdır, özü ilə barışmalıdır. İran ilk növbədə hüquqi dövlətə çevrilməlidir, vətəndaşlarına hüquq və azadlıqlar verməlidir. İran gözləyir ki, Qərb danışıqlara başlasın və qarşılıqlı maraqlar çərçivəsində tətbiq olunan sanksiyalar aradan qaldırılsın. İdxal və ixraca qoyulan embarqolar onun üçün ciddi problemlər yaradır. Qərb də öz növbəsində gözləyir ki, yeni prezident ölkədə islahatlar etsin. İranın ali dini hakimiyyəti buna nə qədər hazırdır?! Qərb bu sualların cavabını reallıqda görməsə, İranın gözləntiləri çətin ki həyata keçsin”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top