“Hər hansı bir razılığın əldə olunmasına şübhə ilə yanaşıram” — Fikrət Sadıqov

GÜNDƏM 10 iyul 2024, 17:02
Xəbər verdiyimiz kimi, bu gün, ABŞ-ın paytaxtında NATO-nun 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüşün olacağı gözlənilir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov bildirib ki, burda əsas məqsəd nazirimizin NATO-nun 75 illiyinə həsr olunmuş yubiley tədbirində iştirakıdır. 

Fikrət Sadıqov qeyd edib ki, orada hər hansı bir razılığın əldə olunmasına şübhə ilə yanaşır:

“NATO sammitində əsas məqsəd təbii ki, yubiley ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun orada iştirakıdır. Orada təbii ki, Ermənistan naziri də iştirak edir. Yəni bu heç də o demək deyil ki, bu iştirak hansısa bir danışıqlarla və yaxud hansısa bir müqavilənin bağlanması ilə bağlıdır. Sadəcə olaraq bu, Antoni Blinkenin təşəbbüsüdür. Mən düşünmürəm ki, biz bundan imtina etməliyik. Amma o məqama şübhə ilə yanaşıram ki, orada hər hansı bir sənəd imzalansın və yaxud razılıq əldə olunsun. Biz NATO ilə əməkdaşlığımıza bundan sonra da davam edəcəyik. Bizim öz prioritetlərimiz var. Biz blokun özvü olmaq fikrində deyilik. Nəinki, NATO, heç bir digər hərbi siyasi bloklara daxil olmağı planlaşdırmırıq. Danışıqlar baş verə bilər. Amma bu heç də o demək deyil ki, bu danışıqların çox geniş şəkildə və böyük bir nəticələri olsun. Çünki bizim Ermənistana irəli sürdüyümüz şərtlər, tələblər aydındır. O şərtlər yerinə yetirilməlidir. Birinci növbədə konstitusiyalarına dərhal dəyişiklik etsinlər və digər ona oxşar məslələri həll etsinlər. Əks halda əlbəttə ki, heç bir nəticə ola bilməz”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top