“NATO sammitində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü yüksək qiymətləndirirəm” — AÇIQLAMA

SİYASƏT 09 iyul 2024, 16:05
Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) Vaşinqtonda NATO sammiti çərçivəsində NATO tərəfdaşları ilə keçiriləcək tədbirdə, həmçinin alyansın 75 illiyinə həsr olunmuş digər tədbirlərdə iştirak edəcək. Keçiriləcək tədbirlər zamanı Azərbaycan və Ermənistan arasında da sülh danışıqları ilə bağlı müzakirə imkanı yaranacaq.

Bəs, Vaşinqtonda baş tutacaq görüşün sülh danışıqlarının irəliləməsində rolu olacaqmı?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqton fürsətdən istifadə edib Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcək. 

Elxan Şahinoğlu qeyd edib ki, danışıqların davam etməsi baxımından bu görüşü yüksək qiymətləndirir:

“Bu bir fürsətdir. Bir çox dövlət liderləri NATO toplantısına qatılacaqlar. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də NATO-nun quruluşunun 75 illik tədbirlərində iştirak edəcəklər. Vaşinqton da görünür bu fürsətdən istifadə edib Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü də təşkil edəcək. Azərbaycanın şərti bəllidir. Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından Azərbaycanın ərazisinə iddia edilən bəndlər çıxarılmalıdır. Bu olmazsa, sülh sazişinin imzalanması mümkün deyil. Bu haqda Amerika da məlumatlıdır. Amma hər halda fikir mübadiləsinin aparılması, danışıqların davam etməsi baxımından hesab edirəm ki, müsbət qiymətləndirmək olar. Üstəgəl, Ceyhun Bayramov baş tutan başqa ikitərəfli görüşlərdə də iştirak edəcək. Çox güman, amerikalı rəsmilərlə də görüşəcək ki, Amerika ilə strateji tərəfdaşlığın davam etməsi Azərbaycanın maraqlarına cavab verir”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top