"Bir vaxtlar imkanlı ailələrin düşüncəsində ən prestijli ixtisaslar hüquqşünaslıq və tibb sahəsi idi" — AÇIQLAMA

GÜNDƏM 05 iyl 2024, 18:15
İqtisadiyyat Nazirliyi mentorluq proqramlarına resurs ayıracaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən həftə keçirilən "Baku ID" (Baku İnvestment Day) festivalında bu məsələyə toxunub. Nazir deyib ki, bu gün gənclərin müasir peşələrə yiyələnməsi müsbət haldır: “Təhsil naziri kimi fəaliyyətə başlayanda bizi narahat edən məsələlərdən biri gənclərin, əsasən, hüquq sahəsinə yönəlməsi idi. Hüquqşunas olmaq qəbahət deyil. Mənim də bu sahə üzrə təhsilim var. Amma bu kimi peşələr xüsusi iqtisadi dəyər yaratmır. Hazırda isə gənclərin IT mühəndisliyi kimi peşələrə üstünlük verdiyini görürük", - deyə M.Cabbarov vurğulayıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında qeyd edib ki, bir vaxtlar cəmiyyətdə, xüsusən də imkanlı ailələrin düşüncəsində ən prestijli ixtisaslar hüquqşünaslıq və tibb sahəsi idi: 



“Valideynlər düşünür ki, pul verib övladını hazırlığa qoyursa, onun iradəsinə zidd olsa belə, uşaq bu ixtisaslardan birini seçməlidir. Lakin artıq zaman dəyişib, gənclər seçimlərində daha sərbəstdirlər. Ailələr övladlarını düzgün istiqamətləndirərsə, bunun çox faydası olar əlbəttə, amma hesab edirəm ki, ixtisas seçimində onların özlərinin nə düşündüyü daha vacibdir. Son illərdə gənclərin iqtisadi dəyər yaradan mühəndislik, informasiya texnologiyaları kimi ixtisaslara meyil etməsi müsbət haldır. İnkişaf etmiş ölkələrə baxdıqda görürük ki, orada dəyər yaradan peşələr daha cəlbedicidir. Məsələn, Almaniyada mühəndislik peşəsi uzun illərdir prestijli və perspektivli peşə sayılır. Və ya ABŞ-də hüquqşünas olmaqdansa, IT mühəndisi olmaq daha çox imkanlar vəd edir. Bu peşə sahiblərinin gəlirləri arasında da dəfələrlə fərq var, bəli, maddi gözləntilər də bu günün gəncləri üçün vacibdir. Hesab edirəm ki, gənclər ixtisas seçimində artıq daha doğru qərar verə bilirlər, onların öz baxışları, gələcəklə bağlı planları var. Gələcəyin ixtisasları kompüter mühəndisliyi, maşın mühəndisliyi, kibertəhlükəsizlik, rəqəmsallaşma ilə bağlı olan ixtisaslardır. Hətta rəqəmsallaşmaya əsaslanan yeni ixtisaslar yaranacaq ki, bu günün bir neçə ixtisasını özündə birləşdirəcək. Fikrimcə, gənclərin yeniliklər istiqamətində irəliləməsi doğru yanaşmadır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top