“Təbiət hadisələri orqanizmimizə təsirsiz ötüşmür” — Maqnit qasırğası olacaq

GÜNDƏM 28 iyun 2024, 19:13
İyulun 1-də qısamüddətli geomaqnit qasırğası gözlənilir. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə hazırda Günəşin aktivliyi aşağı səviyyədədir: “Bir neçə oblastda Yerə, demək olar, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır". Məlumatda bildirilir ki, geomaqnit sahə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq: "Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək".

Geomaqnit qasırğalarının insan səhhətinə təsirindən danışan həkim-terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında orqanizmimizin təbiət hadisələrinə reaksiya verdiyini qeyd edib:



“Təbiətdə baş verən hadisələr, eləcə də planetimizə öz təsirini göstərən maqnit qasırğaları, əsasən, meteohəssas insanların səhhətində dəyişikliyə səbəb olur. Bu əlamətlər özünü daha çox baş ağrısı,  baş gicəllənməsi, halsızlıq, yorğunluq, ruhdan düşmə kimi simptomlarla büruzə verir. Bəzi insanlara maqnit qasırğaları cüzi təsir etsə də bəziləri hətta təcili tibbi yardıma müraciət etməli olur. Meteohəssas qrupa xroniki xəstəlikləri olan yaşlı insanları aid edə bilərik. Ürək-damar xəstəlikləri, xolesterinemiyası olan, beyin-qan dövranında müəyyən pozğunluqlar yaşamış nevroloji simptomlardan əziyyət çəkənlər, şəkərli diabet xəstələri, həmçinin qaraciyər və böyrəyində problemlər olan şəxslər belə havalarda ehtiyatlı olmalıdırlar. Onlara belə vaxtlarda evdən bayıra çıxmamaq, mümkünsə ailə üzvlərinin nəzarətində olmaq tövsiyə olunur”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top