Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

MEDİA 28 iyn 2024, 15:23
Azərbaycanın və Ukraynanın media qurumları arasında konstruktiv və səmərəli əməkdaşlıq mövcuddur. AZƏRTAC ilə Ukrinform arasında tərəfdaşlıq əlaqələrinin sizin rəhbərliyiniz dövründə daha da inkişaf edəcəyinə inanıram.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrinformun yeni təyin olunan baş direktoru Sergey Çerevatiy ilə görüşündə söyləyib.

S.Çerevatiyi yeni təyinatı münasibətilə təbrik edən diplomat bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının çoxəsrlik dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin inkişafında medianın xüsusi rolu var. “Rəhbərlik etdiyiniz agentlik Azərbaycanın haqlı mövqeyini daim işıqlandırır. AZƏRTAC da, öz növbəsində, Ukraynada baş verən hadisələr barədə məlumatları, müharibə ilə bağlı reportajları yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Ukrayna mətbuatında Azərbaycanla bağlı həqiqətlərin işıqlandırılması bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir”, - deyə səfir əlavə edib.

Hər iki ölkənin media qurumları arasında da səmimi münasibətlərin mövcudluğunu vurğulayan Ukrinformun baş direktoru deyib: “Azərbaycanın əldə etdiyi uğurlara sevinirik. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır və beynəlxalq platformada dəstəkləyir. Ukrinform maraqlı layihələrə açıqdır və təklif olunan layihələri dəyərləndirməyə hazırdır. Əminəm ki, Ukrinform ilə AZƏRTAC arasında əməkdaşlıq xalqlarımızın və ölkələrimizin münasibətlərinin inkişafına yeni töhfələr verəcək”.

S.Mərdəliyev Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıqla bağlı məlumat verib. Qeyd edib ki, Azərbaycan “yaşıl enerji”nin inkişafına ciddi töhfələr verir. Bu layihələrdən Avropa ölkələri, o cümlədən Ukrayna da yararlanır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top