"Cinayət törətməkdən çəkinmirlər, çünki əmindirlər ki..." — Ölüm hökmü bərpa oluna bilər?

GÜNDƏM 27 iyn 2024, 13:48
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda ölüm hökmünün bərpa edilməsini təklif edib. Millət vəkilinin fikrincə, cinayətkarlıqla mübarizədə daha sərt addımların atılması zəruridir: "İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd ki, proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”, - C.Məmmədov fikrini tamamlayıb. 

Sosioloq Elçin Bayramlı da Demokrat.az-a açıqlamasında bu təklifi dəstəklədiyini bildirib. O, vaxtilə Avropa Şurasının tələbi ilə Azərbaycanda ölüm cəzasının ləğv edildiyinin təəssüfləndirici hal olduğunu deyib:

"Cəzasızlıq mühiti bir çox sahələrdə vəziyyəti daha da kəskinləşdirir. Təcrübə göstərir ki, cəmiyyətdə ancaq sərt cəzalar çəkindirici təsirə malikdir, maarifləndirmə ilə nəticə əldə etmək olmur. Düşünürəm ki, ölüm cəzası istisna hallarda tətbiq olunmalıdır. Təkrar-təkrar cinayətlər törədən, ağır əməllərə əl atan, seksual manyaklar, terrorçular var ki, onlar 10-15 il cəza ilə islah olunmur, azad edildikdən sonra da əməllərindən çəkinmirlər. Belə hallarda ölüm cəzasının tətbiqi cəmiyyətin qorxunc məxluqlardan təmizlənməsi deməkdir.



Demokratiyanı əsas tutan ABŞ-də, eləcə də bir çox başqa ölkələrdə də ölüm cəzası var. Çünki başa düşürlər ki, ölüm cəzası olmasa, bu həm dövlət, həm də cəmiyyət üçün təhlükə yaradar". 

Ekspert, həmçinin, bir çox cinayətlərlə bağlı cəzaların ağırlaşdırılmalı olduğunu qeyd edib:

"Bizdə cəzalar adekvat deyil, çəkindirici xüsusiyyət daşımır. İnsanlar cinayət törədir, çünki əmindirlər ki, müxtəlif üsullarla cəzadan qurtulacaqlar və ya cəzaları yüngül olacaq. Təbii ki, ölüm cəzasına da cinayət tam dəqiq araşdırılandan sonra qərar verilməlidir".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top