Akif İslamzadə qadınlarla bağlı qalmaqallı sözlərinə AYDINLIQ GƏTİRDİ

GÜNDƏM 26 iyn 2024, 22:06

"Verdiyim açıqlamada qadını qəti aşağılamamışam. Demişəm ki, bu gün məktəblərdə müəllimlər yox, müəllimələrdir. Müəllimələr də Allah tərəfindən göndəriliblər. Onlar ən yaxşı halda məlumat verə bilərlər, elm yox. Amma əlbəttə ki, istisna xanımlarımız var".

Demokrat.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Akif İslamzadə qadınların elm adamı ola bilməməsi haqda verdiyi açıqlama ilə bağlı danışarkən deyib.

O, bu gün Yer üzündə matriarxat dövrün başladığını bildirib:

"Bunun belə olması ilə bağlı hədislər də mövcuddur. Bunlar hamısı qiyamətin əlamətləridir. Hətta deyilir ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcəklər. Həmin zəmanəyə gəlib çatmışıq artıq. Bu gün məktəblərdə qızlar da bir-birlərini bıçaqlayırlar. Hamısı da kişi müəllimlərin olmamasının fəsadlarıdır. Burada qadınları aşağılayacaq nə demişəm axı? Məni həyata gətirən anam olub, tərbiyəmlə məşğul olan da. Xanımları aşağılamıram. Biri də yazıb ki, "Akif İslamzadə deyir, qadınlar cəhənnəmlikdir". Belə şey olar?! Heç kim sözümü pisə yozmasın. Demişəm ki, peyğəmbərə meracında cənnəti də göstəriblər, cəhənnəmi də. Cəhənnəm əhlinin əksəriyyəti qadınlar olub. Mən bunu hədislərdən sitat gətirmişəm. Bəzi jurnalistlər zəng edib açıqlama alırlar, amma fikirlərimizi oxuculara yanlış çatdırırlar. Olmaz belə".

A.İslamzadə deyib ki, bütün dünyada kütləni sürüyə çevirməyə çalışırlar:

"Bu, dəccalın gəlməyindən xəbər verir. Pandemiyalar, içkilər, ailələrin dağılması da bunun göstəricisidir artıq. Peyğəmbərin hədisi var ki, qiyamət vaxtı 30 yalançı peyğəmbər olacaq ki, onlardan 4-ü qadındır. Qadınlardan biri Yelena Blavatskayadır. İnsanlara bunu izah etmək lazımdır, ağlına və ağzına gələni yazmaq lazım deyil. Ölkədə kitabdan ucuz heç nə yoxdur. Alıb oxusunlar, öyrənsinlər. Qadınları təhqir etmirəm, edən də deyiləm. Sara xanım (anası) Fəxri Xiyabanda dəfn olunub. Hətta Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanım da. Bunu təşkil edən adama Allah rəhmət eləsin. Məleykə xanım çox yaxşı həyat yoldaşı olub. Onlar qadın deyillər? Çingiz xanın yanında Altunay xatun olub, Əmir Teymurun yanında Bibi xanım (Saray mülk) olub. Bunları necə danmaq olar? Sadəcə, mənim fikrimi oxuculara düzgün çatdırmayıblar. Qadın yoldaşı ilə çiyin-çiyinə gedirsə, çox gözəl, vay o günə ki, ailədə qadın komandir ola. Bu gün demək olar ki, o cür yaşayırıq artıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top