Astarada toyda qanlı dava düşdü — Xəsarət alan var

KRİMİNAL 18 iyun 2024, 16:10
Astara rayonunda 1982-ci il təvəllüdlü İntizar həmyerlisi Şamilə bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 2-də, saat 23:40-da Astara rayonunun Çayoba kəndində yerləşən “Ceyran Plaza” şadlıq evinin həyətində baş verib. 

İntizar həmin toy şənliyində qonaq olan həmkəndlisi Şamilin onu nalayiq sözlərlə təhqir edərək vurduqdan sonra aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı İntizar yüngül dərəcəli sərxoşluq vəziyyətində avtomobildən götürdüyü bıçaqla Şamilin döş qəfəsinin sol nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən İntizarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntizar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Şamil qonşusudur: “Fevralın 2-də Astara rayonunun Çayoba kəndində yerləşən “Ceyran Palace” şadlıq evində sinif yoldaşının oğlunun toyunda Şamillə zarafatlaşıb. Bu zaman Şamilin xətrinə dəydim. Belə ki, Şamil ustadan danışdı, mən isə zarafatla Şamilə dedim ki, ustaya elə də güvənmə, yaxşı usta deyil. Şamil isə dedi ki, çıxaq qırağa sözüm var”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onlar şadlıq sarayından çölə çıxıblar: “Avtomobillərin yanında Şamil mənə söyüş söydü. Namus, qeyrət söyüşü söydü. Mənə “ustaya pis deyənin var yoxu belə-belə” dedi. Sonra məni vurdu. Şamil birinci mənim sifətimə yumruqla vurandan sonra yerə yıxıldım. Bundan sonra ayağa qalxdım. Bizi ayırdılar, başa saldılar ki, belə etməyin. Sonra bizi restoranın qabağına apardılar. Şamil məni orada görəndə yenidən qızışdı. Şadlıq evinin qabağında yenidən dava etdik. Mənimlə savaşaraq təpik vurdu. Bundan sonra avtomobilimin “bardaçokunda” olan balaca bıçağı götürdüm və Şamilin bədəninin bilmədiyim nahiyəsinə bıçaqla zərbə vurdum. Həmin vaxt Şamil üstümə gəldiyindən bıçağı açdım, harasına vurduğumu bilməmişım.  İçkili olduğumdan bıçağın dəyməsini bilməmişım. Həmin bıçağı ayaq yoluna atmışam. Tanışlarımız bizi ayırdı. Məni evə göndərdilər. Həmin axşam isə polis gələrək məni evdən apardılar”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntizar 3 il azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top