“Qobustana gələn turistlərin sayı artacaq” — Turizm eksperti

GÜNDƏM 13 iyun 2024, 18:50
 Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonu ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlət başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Kompleksin açılmasının önəmini vurğulayan turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan dünyada ən çox palçıq vulkanlarına sahib ölkədir:

“Qobustandakı palçıq vulkanlarının ərazisini uzun illərdir kompleksə çevirmək barədə düşünülürdü. Çünki turistlər bura ödənişsiz etmədən gəlirdirlər. Qobustanın potensialından istifadə etməklə turistlərə daha keyfiyyətli xidmət göstəriləcək. Bu vaxta qədər turistlər məcbur olurdular ki, istidə açıq havada dayansınlar, gəzsinlər. Kompleks yaradılması qonaqlara keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq. Bundan sonra palçıq vulkanlarını görməyə gələn turistlərin sayı da artacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top