"Azərbaycanın hava məkanında hərəkətə nəzarət hərtərəfli təmin edilib"

İNFRASTRUKTUR 12 iyn 2024, 10:04
Azərbaycanın öz ərazisi və hava məkanı üzərində suverenliyini tam bərpa etməsi "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə (AZANS) ölkənin səmasında hərəkətə hərtərəfli şəkildə nəzarəti hərtərəfli təmin etmək imkanı verib.
 
Demokrat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında bildirib.
 
"Ərazilərimizin işğaldan azad edilməsi əməliyyat səmərəliliyini artırır, Azərbaycan sərhədləri daxilində aviasiya üçün təhlükəsizlik standartlarını yüksəldir, bütün hava məkanı istifadəçiləri üçün rahat və təhlükəsiz istifadəni təmin edərək yeni marşrut imkanları açır. CANSO ilə əməkdaşlıq və davamlı gələcəyə ümumi baxış olmadan hava hərəkətinin idarə edilməsində irəliləyiş mümkün olmazdı. Azərbaycanın CANSO ilə tərəfdaşlığı – 2005-ci ildə tamhüquqlu üzv statusu qazandıqdan sonra – mühüm nailiyyətlərlə yadda qalan zəngin tarixə malikdir. AZANS-ın vaxtında həyata keçirdiyi tədbirlər sayəsində Avropadan Asiyaya reyslər alternativ marşrutlar üzrə təhlükəsiz yerinə yetirilir ki, bu da bizə qonşu regionlarda geosiyasi gərginlik şəraitində etibarlı hava dəhlizi saxlamağa imkan verir", - deyə o qeyd edib.
 
Nazirin sözlərinə görə, yüksək səviyyəli aeronaviqasiya xidmətlərinin göstərilməsi və ölkənin əsas hava marşrutlarının kəsişməsində yerləşməsi sayəsində 2021-ci ildən Azərbaycanın hava məkanı ilə tranzit daşınması 3,5 dəfə artaraq ayda təxminən 18 min uçuş təşkil edib: "AZANS-ın idarə etdiyi hava məkanından dünyanın demək olar ki, bütün aparıcı aviaşirkətləri (209 daşıyıcı) istifadə edir. Bu da Azərbaycanın aviasiya imkanlarına olan inam və etibarın göstəricisidir". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top