Qəssablar heyvanı boğub qibləyə tutmadan kəsirlər — İlahiyyatçı

GÜNDƏM 03 iyn 2024, 18:03
Qarşıdan müsəlmanların əziz bayramlarından olan Qurban bayramı gəlir. Bu ərəfədə çoxlarını qurbanlıq heyvanların düzgün kəsilməsi, qurban ətinin doğru şəkildə paylanması kimi məqamlar maraqlandırır. İlahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında deyib ki, maddi imkanı olan hər müsəlman qurban kəsməli və kasıblara paylamalıdır:

"Dəvə, inək, camış, qoyun, keçidən kəsilən qurban müsəlman şəxs tərəfindən yönü qibləyə Allahın adı ilə kəsilir. Kəsilən heyvanlar kəsilmək yaşına çatmış olmalı, xəstə, kor, şikəst olmamalıdır. Dəvə, inək, camış kimi heyvanları bir neçə müsəlman alıb kəsib bölə bilər. Ancaq xırda heyvanları yalnız bir nəfər kəsə bilər. Kəsilən ət üç yerə bölünür, bir hissə şəxsin özü və ailəsi, ikincisi qonşular, üçüncü hissə qohumlar üçün ayrılır. Anacaq bu, vacib deyil, ətin hamısını paylamaq da olar. Əgər şəxsin ehtiyacı varsa, ətin hamısını ailəsi üçün də saxlaya bilər".

İlahiyyatçı bildirib ki, qurban əti pulla satılmaz, bu, günahdır:


"Heyvanın içalatını, baş-ayağını, dərisini yollara, küçələrə, zibilliklərə atmaq ədəbdən deyil. Ya örtülü yerdə ev heyvanlarına vermək, ya da basdırmaq lazımdır. Təmizlik dinin yarısıdır. İnsanlar heyvan kəsib savab qazanmaq istəyərkən içalatını yollara atıb bayram günləri natəmizlik yaratmaqla əksinə günah qazanırlar.

Əsasən varlı, imkanlı şəxslər böyük başlı heyvanlar kəsib paylamalıdır imkansız ailələrə. Heyvanları kəsən adam müsəlman, imanlı, İslama tam iman gətirən şəxs olmalıdır. Çox zaman qəssablar heyvanları qan içində qalıb çəkisi ağır gəlsin deyə heyvanı boğub, qibləyə tutmadan  kəsirlər. Bu həm günaha, həm də ətin keyfiyyətsiz olmasına səbəb olur. Odur ki, hər kəs kəsimə diqqət etməlidir. Qarına, boğaza yox, əmələ, imana, Allaha yaxınlaşmağa önəm verilməlidir. "Qurban" sözü ət yemək, qarın doyurmaq yox, yaxınlaşmaq deməkdir. Allaha yaxınlaşmaq üçün kəsilir bu qurbanlar. Şübhəsiz ki, sosial tərəfi də var, insanlara əl tutmaq, yardım etmək yönü də var. Anacaq əsas fəlsəfəsi müsəlmanın öz malını, öz varını Allah yolunda verməyə hazır olduğunu sübut etməsidir".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top