ATİAHİ RK-nın XVIII Konfransının iştirakçıları Prezidentə müraciət ünvanladı

SİYASƏT 31 may 2024, 16:11
Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Demokrat.az-ın məlumatına görə, üraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının iştirakçıları olaraq Sizə – ümummilli liderimiz Heydər Əliyevin milli təhsil quruculuğu strategiyasının ən layiqli davamçısına  müraciət edərək öz dərin hörmət və ehtiramımızı bildirir, ən xoş arzularımızı çatdırırıq!

Sizin həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasət Azərbaycanın davamlı inkişafını təmin edir və respublikanın təhsil ictimaiyyətini daha da ruhlandırır. Biz çalışdığımız sahədə qazanılan bütün uğurları Sizin təhsilə, təhsil  işçilərinə, təhsil alanlara göstərdiyiniz diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirir,  bu istiqamətdəki fəaliyyətinizi yüksək qiymətləndiririk!

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının nümayəndələrinin, bütövlükdə ittifaqımızın 400 min nəfər üzvünün Sizin müdrik daxili və xarici siyasətinizi ürəkdən bəyəndiyini bir daha  diqqətinizə çatdırmaqdan məmnunluq duyur, iftixar hissi keçiririk.

Sizin böyük uzaqgörənliklə söylədiyiniz – «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan  kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir» konseptual müddəanız bu gün öz uğurlu nəticələrini verməkdədir. Böyük sevinc hissi ilə bildiririk ki, son illərdə təhsil işçilərinin və təhsil alanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyiniz  fərman və sərəncamlar nəticəsində  təhsil işçilərinin əməkhaqqı, tələbələrin və  aspirantların təqaüdü dəfələrlə artmış, yüzlərlə təhsil işçisi Prezident təqaüdü almış, orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüşdür. Təhsillə bağlı  təsdiq etdiyiniz proqramlar məktəblərin infrastrukturunun təkmilləşdirilməsinə, müasir avadanlıqlarla, dərsliklərlə, informasiya-kommunikasıya texnologiyaları ilə təchizatına, peşəkar kadrlarla təminatına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, istedadlı gənclərin üzə çıxarılmasına, məktəbəqədər təhsilin  yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, azərbaycanlı gənclərin xaricdə təhsili və digər sahələri əhatə etmiş, davamlı inkişafa və təhsil alanlar üçün bərabər imkanların yaradılmasına yönəlmişdir. Ölkəmizdə yüzlərlə yeni məktəb tikilmiş, yenidən qurulmuş, müasir tədris avadanlıqları ilə təchiz edilmiş, kompüterləşdirilmiş, milli-mənəvi dəyərləri özündə əks etdirən yeni dərsliklər hazırlanmışdır. Azərbaycan MDB məkanında yeganə  ölkədir ki, Sizin tapşırığınızla bütün şagirdlər  pulsuz dərsliklərlə təmin olunurlar.

Bu gün Siz soydaşlarımızın xəyallarının gerçəkliyə çevrildiyi suveren Azərbaycana rəhbərlik edirsiniz. Doğma Qarabağımızla bağlı 30 ildəki arzularımızı məhz Siz gerçəkləşdirdiniz. Əminliklə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun Qarabağla bağlı arzuları Sizin Ali Baş Komandan kimi uğurlu hərbi-siyasi taktikanız, sözü ilə imzası bir birini tamamlayan lider kimi uğurlu fəaliyyətiniz nəticəsində həyata keçdi, rəhbərliyiniz altında xalqımız Zəfərə qovuşdu.

Biz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının nümayəndələri olaraq doğma Azərbaycanımızın davamlı  inkişafını təmin etdiyiniz, ölkəmizin iqtisadi inkişaf  göstəricilərinə görə dünyada və regionda lider dövlətə çevirdiyiniz, millətimizə nəhayətsiz sevinc və qürur hissi yaşatdığınız üçün bir daha Sizə Azərbaycanın çoxminli təhsil işçiləri adından sonsuz minnətdarlığımızı və təşəkkürümüzü bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar, şəxsinizə möhkəm cansağlığı arzulayırıq!”

Müraciət Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının iştirakçıları tərəfindən qəbul edilmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top