“Qədir Aslan - 80” xatirat kitabının təqdimat mərasimi keçirildi — VİDEO/FOTO

ƏDƏBİYYAT 31 may 2024, 12:08
Yazıçı, publisist, “Qızıl Qələm” mükafatı laureatı, əməkdar jurnalist Qədir Aslanın 80 illik yubileyi münasibətilə dərc olunmuş  “Qədir Aslan  80” xatirat kitabının təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış elm, mədəniyyət və ictimai xadimlər iştirak edib. 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Qədir Aslanı qəbul edib. 

Mərasim başlamazdan öncə AYB sədri, xalq yazıçısı Anar Rzayev Qədir Aslanla görüşərək, Azərbaycan Yazıçılar Birliyinin onun  zəngin yaradıcılığına yüksək qiymət verdiyini bildirib.

Yubilyara xoş və səmimi arzularını çatdıran yazıçı Anar Qədir Aslana Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvülük vəsiqəsini təqdim edib.


Sonra Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Qədir Aslan – 80” xatirat kitabı oxuculara təqdim olunub.

Mərasimdə çıxış edən AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu bildirib ki, kitabda Qədir Aslanın müxtəlif dövrlərdə yazdığı fundamental məqalələri ilə yanaşı, Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət və ictimai xadimlərindən professor Misir Mərdanovun, akademik Abel Məhərrəmovun, akademik Qərib Məmmədovun, akademik Nuru Bayramovun, professor Almaz Ülvinin, xalq şairi Vahid Əzizin, əməkdar artist Rafiq Həşimovun, professor Almaz Ülvinin, millət vəkilləri Sahib Alıyevin, Əziz Ələkbərlinin, Naqif Həmzəyevin və digər tanınmış simaların yubilyarın zəngin yaradıcılığı ilə bağlı fikirləri və xoş xatirələri dərc olunub.
 


Qədir Aslanın çoxşaxəli yaradıcılıq imkanlarına malik olduğunu bildirən S.Babullaoğlu Azərbaycan Yazıçılar Birliyinin katibliyi adından hazırlanmış təbrik məktubunu və xatirə hədiyyəsini yubilyara təqdim edib. 

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid Qədir Aslan yaradıxılığını özündə əks etdirən belə bir dəyərli kitabın işıq üzü görməsinə görə Azərbaycan Yazıçılar Birliyinə və şəxsən kitabın tərtibatçısı Səlim Babullaoğluna təşəkkürünü bildirib.  

“Qədir Aslan xoşbəxt insandır ki, onun qayğıkeş ailəsi, övladları var. Kitab da məhz Qədir Aslanın həyat-yaradıcılığını özündə əks etdirir. Qədir Aslanın peşəkar jurnalist fəaliyyəti bu gün də bizim üçün əhəmiyyətli və gərəklidir. Tam məsuliyyətimlə deyə bilərəm ki, Qədir Aslanın peşəkar jurnalist fəaliyyətini indiki və gələcək nəslə örnək göstərmək olar”. 

Yazıçı, publisisti yubileyi münasibəti ilə təbrik edən Rəşad Məcid Qədir Aslana Mətbuat Şurasının fəxri diplomunu təqdim edib. 



Tədbirdə Azərbaycan Teleradio Verilişləri QSC-nin sədr müavini, əməkdar artist Rafiq Həşimov, professor Almaz Ülvi, tibb üzrə fəlsəfə doktorları Nağdəli Keştəkli, Abbas Bağırov, Ulduz Jurnalının baş redaktoru Qulu Ağsəs, tanınmış telejurnalist Nəcibə Vəlixanlı və digər tanınmış simalar çıxış edərək Qədir Aslan yaradıcılığının bədii, ictimai məziyyətlərindən söz açıblar. Çıxış edənlər həyatını yazıb, yaratmağa həsr etmiş yubilyara  xoş və səmimi arzularını  çatdırıblar. 

Aşıq Ələsgər İctima Birliyinin sədri  Xətai Ələsgərli Qədir Aslan İmzası ilə Göyçə mahalından tanış olduğunu bildirib: 

“Qədir Aslan Göyçə mahalında qələmi ilə erməni xəyanətinə qarşı mübarizə aparan cəsarətli jurnalist kimi tanınırdı. Xatırlayıram, onun satirik yazıları Vardenis qəzetində dərc olunanda ermənilər bir-birinə dəyərdilər. Onun zəngin yaradıcılığının gələcək nəsillərə örnək olacağını bilidirən X.Ələsgər Qədir Aslanın Dədə Ələsgər  yubiley medalı ilə təltif olunduğunu bildirib.

Tanınmış telejurnalist Möhsüm Qədiroğlu da atası ilə bağlı arzularını dilə gətirib:

“Ata haqqda söz demək böyük hünər tələb edir. Bu müqəddəs varlığı qələmlə, sözlə ifadə etməyə hələki qüdrətim çatmır. Bu mənada atam haqda azda olsa söz deməkdə mənə dəstək verən Azərbaycan Yazıçılar Birliyinin  yaradıcı heyətinə, şəxsən əziz dostum Səlim Babullaoğluna Qədir Aslanın yaradıcılığını bir buket halına salıb geniş oxucu aiditoriyasına təqdim etdiyinə görə minnətdarlığımı bildirirəm. 



Mən atamı zəhmətkeş bir yazar olmaqla yanaşı, həm də nümunəvi ailə başçısı kimi sevirəm. Anamız erkən dünyasını dəyişdiyi üçün, atam həm də anamızın missiyasını üzərinə götürüb ömrünü övladlarına həsr edib. O, bir ata övladları üçün nə edə bilərsə, artıqlaması ilə yerinə yetirib. 

Allah bizi anamızın ayaqları altında axtardığımız cənnətin, atamızın ayaqları altında olduğu qənaətinə gətirib. Ata haqda söz deməyin qüdrətini isə, onun ayaqları altında olan cənnəti qazandıqdan sonra deyə bilərik. Allahdan atama  sağlam ömr arzulayıram. 

Qədir Aslan bildirib ki, Göyçəyə iki sandıqla qayıdacaq:

“Yaradıcılığına verilən yüksək dəyərə və haqqında belə bir dəyərli kitabın nəşr olunmasına görə Yazıçılar Birliyinin kollektivinə, şəxsən şair, tərcüməçi Səlim Babullaoğluna minnətdarlığını bildirən Qədir Aslan Göyçədən başlayan tale yollarının Bakıya qədər uzanan tarixçəsindən danışıb:

“Həyatımın 44 ilini Göyçədə, 36 ilini Bakıda yaşayıram. Dəyişən məkandır. Orada da qələm, kağız, yuxusuz gecələr, burada da! 1988-ci ildə erməni xəyanəti ilə üzləşəndə evimizdən Basarkeçər rayon qəzetində dərc olunmuş məqalələrimi bir sandığa doldurub ailə üzvlərimlə birgə Bakıya gəldim.

10 il İşıq Nəşriyyatında redaktor, 24 il isə fasiləsiz Respublika qəzetində diaspor şöbəsinin müdiri vəzifəsində işləyirəm. 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist adına layiq görülmüşəm. Bu illər içərisində 10-dan çox kitabın, saysız hesabsız müxtəlif janrlı məqalələrin müəllifi olmuşam. 

Həyatımdan razıyam. Əminəm ki, tezliklə möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndinə, Kəlbəcərə asılan üçrəngli bayrağımız Göyçəyə, Dərələyəzə, Vedibasara, İrəvana sancılacaq.

Məndə köç karvanına qoşularaq 36 il bundan qabaq özümlə götürdüyüm məqalələr sandığına bir sandıqda əlavə edib, burada yazdığım kitablarımı və məqalələrimi oraya doldurub qəribsəmiş yurd yerlərimizə qayıdacam”, - deyə vətən həsrətini  gözlərində bir damlaya çevirib saxlayan qocaman jurnalist, o damlanı tezliklə Göyçə gölünün suyuna qatacağı ümidi ilə tədbir iştirakçıları ilə vidalaşır”.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top