49 yaşlı qadın özündən bir yaş kiçik kişini niyə qətlə yetirib? — MƏHKƏMƏ

KRİMİNAL 30 may 2024, 15:40
Sumqayıt şəhərində 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu, 1976-cı il təvəllüdlü Aydın Həsənovu öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2022-ci ilin noyabrın 30-da Sumqayıt şəhəri Xəzər bağları, Qız qalası küçəsi, ev 61 ünvanında baş verib. 

Anastasiya həmin gün, saat 10 radələrində tanışı Aydının hər hansı bir ərzaq ehtiyacının olub-olmamasını öyrənmək üçün onun yaşadığı evə gəlib. Anastasiya Aydın ilə qabaqcadan razılaşmalarına əsasən, qapını döyən şəxsin tanış adam olmasını bildirmək üçün yerdəki daş parçalarından istifadə edərək evin damına bir neçə dəfə atıb. Bir qədər sonra qapını açan Aydın onu təhqir edib. 

Anastasiya bundan əsəbiləşərək aralarında baş vermiş mübahisəni evin içərisində həll etmək məqsədilə evə daxil olaraq mətbəxə keçib. O, mətbəxdə mübahisələrinə davam edərkən Aydının onu yenidən təhqir etməsinə dözməyib. 

İntiqam almaq niyyətilə Aydını öldürmək üçün mətbəxdən götürdüyü bıçaqla onun boğaz nahiyəsinə bir dəfə vurub. Aydın aldığı xəsarətdən vəfat edib.

Hadisəni törədən Anastasiyanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anastasiya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydın ilə qonşu olub, onu təxminən hadisədən 1 il əvvəl tanıyıb: “Həmin ərazidə evlərin təmizliyi ilə məşğul olaraq özümü dolandırmışam. Aydın da mənə deyəndə onun evini təmizləmişəm. Aydın yanımda narkotikdən istifadə etməsə də, Aydının özünü aparmasından bilirdim ki, narkotikdən istifadə edir”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 10 radələrində Aydına nəsə lazım olduğunu öyrənmək üçün onun yaşadığı evə gəlib və qapını döyüb. “Qapını açan olmadığından yerdəki bir neçə daş parçasını Aydının yaşadığı evin damına atdım. Bir neçə dəqiqə sonra Aydın evin qapısını açaraq, məni əsəbi halda təhqir etməyə başladı və narkotik vasitə istifadə etdiyini bildirdi. Aydının qoluna saplanmış iynə gördüyümdən, həqiqətən də onun narkotik vasitə istifadə etdiyini başa düşdüm. Aydına məni təhqir etməməsini və qolundakı şprisi qonşuların görməməsi üçün evə keçməsini bildirdim. Özüm də Aydının evinə daxil oldum. Aydın məni söyüb təhqir etdiyinə görə onun qolundan bir neçə dəfə yüngül vurdum ki, söyüş söyməsin. Aydın xəsarət almasa da, məni kənara itələyərək, təhqir etməyə davam etdi. Aydının bu dəfəki təhqirlərinə dözməyərək mətbəxdəki stolun üstündəki taxta tiyəli bıçağı götürdüm və Aydının boğaz nahiyəsindən bir dəfə vurdum. Aydının boğazından qan axdığını görərək qorxdum. Aydının ölə biləcəyindən ehtiyatlandığım üçün mətbəxdən dəsmal götürərək, Aydının boğazına tutdum. Aydının nəfəs ala bilmədiyini gördüyümdən onun hava alması üçün evin həyətinə çıxardım. Daha sonra kömək çağırmaq üçün Aydının evimin yanındakı mağazada satıcı kimi işləyən Yeganə adlı qadına yaxınlaşaraq təcili yardım çağırması üçün kömək istədim. Yeganə mənə 103 nömrəsinə zəng etməyimi dedi. Bunu öyrəndikdən sonra 103 nömrəsinə zəng vurdum. Lakin hadisə barədə məlumat verməyərək, mobil telefonu söndürdüm. Daha sonra öz yaşadığım evə getdim. Hadisə barədə mənimlə birlikdə yaşayan rəfiqəm Oksanaya məlumat verdim. Oksana mənə polisə təslim olmağımı dedi. Mən polisə təslim olmaq üçün hazırlaşdıqda təxminən yarım saat sonra polis əməkdaşları evimə gəldi. Məni tutdular. Hadisə vaxtı az miqdarda araq içmişəm. Ancaq sərxoş olmamışam. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Aydının hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, Aydın bir müddət Rusiya Federasiyasında yaşayıb: “Azərbaycana qayıtdıqdan sonra fərdi əməklə məşğul olub. Sonradan narkotik vasitə istifadə etməyə başlayıb. 2022-ci ildə oğlum Aydının məcburi qaydada tibb müəssisəsinə yerləşdirilməsi üçün məhkəməyə müraciət etdim. Məhkəmə tərəfindən müvafiq qətnamə çıxarıldı, Aydın Sumqayıt şəhəri narkoloji dispanserdə rəsmi qeydiyyatda oldu. Mən arvadım ilə birlikdə sonuncu dəfə 29 noyabr 2022-ci ildə bir neçə günlük Müşviqabad qəsəbəsində olarkən oğlum Aydınla telefon əlaqəsi saxladım. Oğul hər şeyin qaydasında olduğunu bildirdi. Noyabrın 30-da arvadımın telefonuna zəng edilərək oğlumun öldürüldüyü bildirildi. Arvadım da bu barədə mənə məlumat verdi. Mən bu xəbəri eşitdikdən dərhal sonra hadisə yerinə gələrək oğlumu öldürənin Anastasiya olduğu öyrəndim. Anastasiyanı əvvəlcədən qonşu kimi tanımışam. Oğlum Anastasiyanın evində öldürsəydi, ondan şikayətçi olmazdım. Ancaq Anastasiya Aydının evinə gələrək onu öldürüb. Buna görə də Tondan şikayətçiyəm”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Anastasiya 11 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top