"COP29 könüllüsü olmaq gənclərə üstünlük qazandıracaq" — Təhsil eksperti

GÜNDƏM 30 may 2024, 14:52
Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib. Proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib. Tədbirdə könüllü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazananlar bacarıq və səriştələrinin artırılması üçün təlimlərə, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.

COP29 kimi dünya səviyyəli tədbirdə könüllü olmağın əhəmiyyətindən danışan təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda könüllülük hərəkatı çox geniş vüsət alıb.

Onun fikrincə, gənclər könüllülük hərəkatında yaxından iştirak etməlidirlər:



“COP29 kimi qlobal əhəmiyyətə malik tədbirin təşkilində yaxından iştirak etmək könüllü gənclərə çox fayda verəcək. Bu gün gənclər də iqlim dəyişiliklərinə qarşı mübarizədə iştirak etməlidirlər. Gənclər arasında ekoloji maarifləndirmə işi aparılmalıdır. Düşünürəm ki, COP29 könüllüsü olmaqla gənclər təbiətdə baş verən proseslərə, ətraf mühiti qorumağa daha həssas yanaşacaqlar. Həmçinin iqlim dəyişikliyinin fəsadları, alternativ enerji mənbələrinə çıxış, həmçinin ənənəvi enerji mənbələrinə qənaət və digər aktual məsələlər barəsində maariflənəcəklər”.

Ekspertin sözlərinə görə, könüllü fəaliyyət gənclərin gələcək karyeralarına bilavasitə müsbət təsir göstərir: 

“Azərbaycanda könüllülük hərəkatını ilk dəfə “Asan Xidmət” tətbiq edib və uğurla nəticələnib. Məhz könüllü təşkilatları və könüllü gənclər ölkəmizdəki beynəlxalq tədbirlərin keyfiyyətli keçməsinə şərait yaradıblar və öz köməkliklərini göstəriblər. Könüllərin böyük əksəriyyəti tələbələrdir. Onlara könüllülük proqramlarında iştirak etdiyinə görə müxtəlif sertifikatlar və diplomlar verilir. Gələcəkdə həmin şəxslər işə qəbul prosesində həmin hüquqi sənədləri təqdim edərək üstünlük qazanırlar. Artıq bir neçə qurumların da özünün könüllü hərəkatı var. Bu, müxtəlif tədbirlərin daha rahat keçməsi üçün şərait yaradır. Könüllülük hərəkatı gənclərə çox müsbət motivasiya verir. Həmçinin tələbələr arasında kommunikasiyanın möhkəmlənməsinə, yeni bilik və bacıqların formalaşmasına təkan verir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top